OYUQ

                                         AZƏRBAYCAN  DÖVLƏT  KUKLA TEATRINDA
                                   FƏALİYYƏT GÖSTƏRƏN “OYUQ ” TEATR-STUDİYASI

           Yetişən nəsillərin milli teatr sənətimizə sevgi ruhunda yetişməsi, ənənəvi həvəskar aktyorların formalaşması və kukla teatrı, kukla sənətinə   hələ  uşaqkən alışması üçün azyaşlı uşaqların teatra cəlbi ön plana keçdi. Bu zaman teatrların nəzdindəki teatr-studiyaları, xüsusən  Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası bu işdə daha geniş fəaliyyətə başladı.

Teatrın inkişafı ilə bağlı müvafiq dövlət proqramında da xüsusi qeyd olunan bu məqam  teatr qarşısında xüsusi bir tələbə çevrildi və beləcə studiyanın sıraları daha da genişləndi.

Beləliklə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 05.05.2011-ci il tarixli 181-s saylı sərəncamına əsasən 01.11.2012-ci il tarixindən  Azərbaycan Dövlət Kukla Teatrında teatr-studiyasının fəaliyyəti bərpa olundu.
“Oyuq” teatr-studiyasının bu dövrdəki 12 üzvündən 6-sı Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunları idi. Ilk müddətdə tələbə və müəllimlərin ərsəyə gətirdiyi “Dünya gözəli” (A. Şaiq), “Əkiz qardaşlar” (H. Ziya), “Sindibadın xoşbəxtlik adasına səyahəti” (R. Əlizadə) tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim olundu.

Hər il fəaliyyətini daha da genişləndirən studiya yeni səhnə işləri ilə yanaşı sıralarına müsabiqə yolu ilə azyaşlı istedadlıları da cəlb etdi.

Belə ki, 2013-cü ildə “Kaspi” təhsil mərkəzi ilə birlikdə müsabiqə təşkil edən studiya orada təhsil alan səhnə bacarıqlı uşaqları bir araya toplayaraq “Oyuq”un uşaq qrupunun təşkilinə nail oldu. Qısa müddətdə gərgin məşqlər aparan fəalların iştirakı ilə “Cırtdan” tamaşası hazırlandı. Balaca aktyorların səhnə debütü böyük maraqla qarşılandı. Ardınca ulu öndər Heydər Əliyevin  anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq böyük konsert-tamaşa hazırlandı. “Hər birimiz bir çiçək” adlı bu konsert proqramı ilə tamaşaçılar balaca istedadları daha yaxından tanıdılar.

Elə həmin il 15 iyun –  Milli  Qurtuluş Günü münasibətilə də səhnəciklərlə zəngin vətənpərvərlik mahnılarından ibarət geniş konsert proqramı da təqdim olundu.

Studiyanın sıralarında yer alan istedadlı azyaşlı Selcan Müseyibova həmin ildə beynəlxalq festivaldan qazandığı yüksək mükafatla ona olan etimadı tam doğrulda bildi. Belə ki, Bolqarıstanın Varna şəhərində baş tutan ənənəvi “Golden Sparkles” mahnı müsabiqəsində “Ən yaxşı səs” nominasiyasında yer tutdu.

2014-cü ildə də studiyanın fəaliyyət tarixçəsində öz zənginliyi ilə qaldı. Həmin il “Cırtan” II Beynəlxalq Kukla Teatrları Festivalının açılışında, eləcə də il ərzində teatrda baş tutan bayram tədbirləri və yubiley gecələrində teatrın əsas truppası ilə yanaşı studiyanın balaca aktyorlarının da bacarığından geniş istifadə olundu. Məhz beynəlxalq festivalın təntənəli açılışında çıxış edən balacalar xarici qonaqların böyük rəğbətini qazandılar.

Bu ilin uğurlu tədbirləri sırasında Yeni il, Novruz bayramı, 8 mart –  Beynəlxalq Qadınlar günü münasibətilə düzənlənən konsert proqramları balaca istedadların iştirakı olmadan baş tutmayıb.

2014-cü il də studiyanın beynəlxalq qələbəsi ilə yadda qalıb. Belə ki, studiyanın üzvü olan balaca vokalçı-aktrisa Aylin Nəcəfli  Bolqarıstanın Varna şəhərində baş tutan ənənəvi “Golden Sparkles” mahnı müsabiqəsində uğurla  çıxış edərək yüksək mükafatla təltif olunub.

Bundan başqa studiyanın digər üzvü Selcan Müseyibova Makedoniyanın Struqa şəhərində keçirilən “Ezerskie Biseri”  Beynəlxalq Musiqi Festivalında təmsil olunaraq “Ən yaxşı səs” nominasiyasında  birincilik qazanıb.

Hər il sıralarını daha da genişləndirən “Oyuq”un üzvlərinin say sırası da genişlənib və müsabiqə yolu ilə uşaqların sayı 10 nəfərə çatdırılıb.

Studiyanın bir neçə üzvü repertuarda yer alan tamaşalardakı uşaq obrazlarını məharətlə yaradıblar. Bu sırada “Tıq-tıq və taq-taqın nağılı”, “Ağ babanın nağılı”, “Sehrli üzük”, “Çəkməli pişik” tamaşalarını qeyd edə bilərik.

Studiyanın balaca aktyorlarının iştrikı ilə müstəqil tamaşa da 2015-ci ildə izləyicilərə təqdim olunub.  Yazıçı Səidə Haqverdiyevanın  “Şah və onun  xüdpəsənd oğlu” nağılı əsasında eyniadlı tamaşa,  həmçinin  “Cırtdan və Tıq-tıq xanımın sərgüzəştləri” adlı tamaşa hazırlandı. Hər iki tamaşaya Səidə Haqverdiyeva quruluş verdi.

Həmin il studiya üzvləri Türkiyənin İstanbul şəhərində  baş tutan ənənəvi  23 nisan Cocuq bayramında uğurla çıxış edərək  təşkilatçıların təşəkkürnaməsi ilə təltif olundular.

2016-cı ildə də   “Oyuq”  teatr studiyasının üzvləri əldə etdikləri bilik və bacarıqlarını tamaşaçılar qarşısında nümayiş etdirməkdə davam etdilər. Belə ki,   həmin ildə “Cırtdan və onun dostları”, “Oyaq gözəl”, “Şahın xüdpəsənd oğlu” tamaşaları səhnələşdirilərək yeni uşaqların iştirakı ilə təqdim olundu.

Bu il studiyanın tarixində uğurlu aksiyalar, irihəcmli layihələrlə də yadda qaldı.
Talasemiyalı xəstələr, ümumiyyətlə qan çatışmazlığından əziyyət çəkən azyaşlıların problemini qabartmaq və cəmiyyəti bu yöndə maarifləndirmək məqsədilə  böyük xeyriyyə aksiyası təşkil olundu.  Paytaxtdakı xüsusi mərkəzlərdə qeydiyyatda olan balacaların da iştirak etdiyi aksiya istər KİV-də, istərsə də cəmiyyətdə böyük əks-səda doğurdu.

Maarifləndirmə missiyasını davam etdirən studiya Uşaq Milli Onkologiya Mərkəzində müalicə alan azyaşlılar qarşısında rəngarəng konsert proqramı və tamaşa ilə də çıxış etdilər.  Bu silsiləni Saray qəsəbəsində fəaliyyət göstərən xüsusi  tipli uşaq evi-internat məktəbindəki konsert   proqramı davam etdirdi.

2016-cı il studiyanın həyatında müsabiqə ili kimi də yadda qaldı. Çoxsaylı istedadlı uşaqlar arasından ən bacarıqlıları seçilərək studiyanın uşaq qrupu sıralarına daxil edildilər. 200-dən artıq uşağın müraciət etdiyi müsabiqədən seçilən uşaqlar sayəsində üzvlərin sayı 23-ə çatdı.

9 noyabr – Dövlət Bayrağı günü münasibətilə “Gözəl və cadugər” adlı tamaşa və ardınca rəngarəng konsert proqramı da təqdim olundu.

Ordumuzun aprel döyüşlərində göstərdiyi  rəşadət balaca istedadların təşəkkürü, Azərbaycan əskərinə mahnı minnətdarlığı ilə yadda qaldı. “Ordumuzun igidləri” adlı mahnı və bu mahnıya çəkilən ilk klip ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Yootube kanalında yerləşdirilən və televiziya kanallarında nümayiş olunan klip minlərlə izləyiciyə eyni anda vətənə, millətə, orduya sevgi və sədaqət himni ovqatı yaşatdı.

2016-cı il beynəlxalq festivallarda böyük uğurlarla da studiyanın tarixində qızıl hərflərlə yazıldı. Bu mənada fevral ayında  Rusiyanın Sankt -Peterburq şəhərində keçirilən “Caz karuseli” adlı yeniyetmə və gənclərin beynəlxalq festivalında iştirakı xüsusi qeyd etməliyik. 20-dən artıq ölkədən onlarla uşaq və yeniyetmənin iştirak etdiyi bu məşhur festivalın  “Qran-pri”  və birinci yerini studiya üzvü olan iki azyaşlı qızımızın tutması (Selcan Müseyibova və Aylin Nəcəfli  ) və bu mükafatları ölkəmizə gətirməsi ən böyük uğurumuz kimi hər kəsi sevindirdi.

Xarici səfərlər sırasını Türkiyədə təşkil olunan ənənəvi 23 nisan “Cocuq bayramı”-nda iştirak davam etdirdi.  Bu irimiqyaslı bayram tədbirlərində uşaq qrupunun üzvləri həm tamaşa, həm də mahnı çələngi ilə iştirak edərək tədbir təşkilatçılarının təşəkkürnaməsi ilə təltif olundular.

Həmçinin ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə silsilə konsertlər təşkil edən studiyanın tədbir marafonu Bakı şəhəri və Bakıətrafı kəndləri də əhatə etdi.  “Oyuq” teatr studiyası həmin kəndlərin bir neçə uşaq evi-internat məktəblərində  xeyriyyə konsertləri ilə çıxış etdilər. Tədbirlər çərçivəsində ənənəvi aksiyalar – Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlar  üçün  xeyriyyə tədbiri də keçirildi. Talassemiyalı uşaqlarla bağlı qanvermə aksiyası çərçivəsində tamaşa-konsert də baş tutdu.  Tədbirlərdən biri də  Uşaq Psixologiya Mərkəzi ilə birgə reabilitasiya xarakterli oldu və bu layihədə əqli qüsurlu uşaqların da rol aldığı tamaşa təqdim olundu.

2017-ci il də studiyanın həyatında uğur ardıcıllığı ilə yadda qaldı. Xeyriyyə aksiyaları, konsert proqramları, klip təqdimatları bir-birini əvəz etdi.

Belə ki, 28 may 2017-ci ildə Respublika Günü münasibətilə Dənizkənarı Milli  Parkda “Ucalsın bayrağımız” adlı açıq hava konserti  keçirildi. Paytaxt sakinlərinin böyük maraqla qarşıladığı bu konsertin ardınca daha bir layihəyə imza atdıq.
9 iyun 2017-ci ildə respublikada ilk dəfə olaraq  Nağıl qəhrəmanlarının  festivalı baş tutdu. Üç günlük festival çərçivəsində milli və dünya nağıl qəhrəmanlarının qiyafəsinə bürünən uşaqlar  bulvar ərazisində yürüş edərək uşaqları sevindirdilər. Festival günlərində müxtəlif məkanlarda konsert proqramları, tamaşalar, moda nümayişləri baş tutdu.
1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü  münasibəti ilə  teatrda böyük tədbir keçirildi. BMT-nin Əhali Fondu, UAFA təşkilatının dəstəyi ilə  Şərqdə ilk dəfə olaraq autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” adlı tamaşa nümayiş olundu. Bu sindromdan əziyyət çəkən uşaqların da iştirak etdiyi tamaşa və  konsert böyük əks-səda  doğurdu.
Studiyanın üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles”  Europen  Music  festivalında  da iştirak edərək böyük nailiyyətlə vətənə döndülər. Belə ki, Azərbaycanın xalq mahnısı  “Sarı gəlin” i bu festivalda müzkl kimi təqdim etməklə festivalın birincisi, “Əlimdən tut” adlı (mus: Vüqar Camalzadə, söz: Cəmilə Allahverdiyeva) mahnıya görə isə “Ən yaxşı mahnı” nominasiyasında ikinciliyə nail oldular.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti sosial aksiyanı həyata keçirməklə özünün maarifləndirmə missiyasını davam  etdirdi və cəmiyyətə vacib bir mesaj verməyə nail oldu.

Belə ki, 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə klip hazırlamaqla ictimaiyyətin diqqətini bu vacib məsələyə yönəltməyi bacardı.

Azərbaycanda ilk dəfə reallaşan bu  layihə sayəsində fiziki və əqli əlilliyi olan insanlar, onların yaxınları və bütünlükdə cəmiyyət olaraq bizlər anladıq ki, istənilən əlillik maneə deyil və insan hədəflərinə çatmaqdan ötəri hər bir maneəni dəf edə bilər. Bundan başqa, bu klip, bizə ətrafımızdakı müxtəlif səbəblərdən əlil olan insanlara, onların yaxınlarına, xüsusən uşaqlara qarşı diqqətli, qayğıkeş və ən əsası səmimi olmağı aşıladı. Beləcə, onlara əl uzatmaqla, əlimdən tut deməklə acımadığını, sadəcə, istənilən halda arxa, dayaq ola biləcəyini aşıladı. Məhz bu klip sayəsində xüsusən azyaşlılara həssaslıq kimi vacib hiss aşılandı.

Ötən il noyabrın 30-da baş tutan bu tədbirdə ilk olaraq “Əlimdən tut” adlı mahnıya çəkilən sosial klip-musiqili çarx tamaşaçıların ixtiyarına verildi. Bu klip bundan bir müddət əvvəl autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” adlı tamaşanın ekran həlli olaraq çox böyük rezonansa səbəb oldu.  Tamaşaçılarrın böyük rəğbətlə qarşıladığı mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Vüqar Camalzadəyə aiddir. Bu unikal mahnının ekran həlli olan klipdə studiyanın yetirmələri ilə yanaşı peşəkər aktyorlar, həmçinin UAFA təşkilatının üzvü olan fiziki məhdudiyyətli fəal uşaq və yeniyetmələr rol alıblar. Uşaqlara sevgi, həmrəylik, qarşılıqlı anlaşma və özünə inam aşılayan sosial çağırışlı klipin ideya müəllifi və rejissoru  bu kimi sosial aksiyaları, xeyriyyə aksiyalarını reallaşdıran tanınmış ssenarist-rejissor, “Oyuq” teatr-studiyasının bədii rəhbəri Səidə Haqverdiyevadır. 

BMT-nin Əhali Fondu, “Park Bulvar” və UAFA-nın dəstək olduğu ideyanın reallaşdırılmasında əsas məqsəd fiziki məhdudiyyətli uşaqların digər həmyaşıdları ilə ünsiyyətini təmin etməık və maneəsiz inteqrasiyasını təmin etməkdir.

Beləcə, istər təqdimat, istərsədə ondan sonra klip ətrafında olan geniş müzakirələr bir daha sübut etdi ki, biz teatr olaraq, bu ağır mövzuya müraciət edən yaradıcı insanlar olaraq öz missiyamızı yerinə yetirmiş olduq. Unutmayaq ki, bu dünyanı hamı üçün yaşanacaq məkan etməyin yeganə yolu sevgi və qarşılıqlı anlaşmadır. Odur ki, biz bundan sonra da sosial çağırışlarımızı davam etdirəcək və yetişən nəsillərin mənəvi-estetik zövqünü bu yöndə də formalaşdırmaqda davam edəcəyik.

     2018-ci ildən MÜSTƏQİL  TEATR  kimi fəaliyyət götərir.

 Azərbaycan Dövlət Kukla Teatrının direktoru
Rəşad Əhmədzadə
Ünvan: AZ1005,
Azərbaycan, Bakı,
Neftçilər prospekti 36
[email protected]