TEATR HAQQINDA

Sənət ocağının tarixi və inkişaf mərhələləri haqqında ətraflı məlumat

Hər anı bir tarix

Azərbaycan Dövlət Kukla Teatrının Azərbaycan milli kukla sənətinin təşəkkülü və inkişafında, eləcə də yetişən nəsillərin mənəvi-estetik zövqünün formalaşmasında, milli-mənəvi dəyərlərə ehtiram ruhunda möhkəmlənməsində şübhəsiz ki, müstəsna xidmətləri olmuşdur.

Elə bu nöqteyi-nəzərdəndir ki, teatr, onun keçdiyi zəngin yol, əsas təşəkkül mərhələləri və milli səhnə sənətimizdəki əhəmiyyətli yeri bütün dönəmlərdə dövlətimizin mədəniyyət siyasətinin tərkib hissəsi olan humanitar siyasətdə, teatr sənəti ilə bağlı həyata keçirilən genişmiqyaslı ideoloji proseslərdə diqqət mərkəzində olmuşdur.

Fikrimizin əyani sübutu kimi, məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli sərəncamını göstərə bilərik.

Sənədə əsasən Bakının ən böyük mədəniyyət ocaqları sırasında məhz ilk olaraq bu teatrın binasının əsaslı təmir-bərpası önə çıxarıldı.

Bu mühüm dövlət əhəmiyyətli işi daim nəzarətdə saxlayan Prezident İlham Əliyev təmir müddətində teatrda baş çəkdi, uşaqların teatra rahat gəlib getməsini təmin etmək üçün ətrafdakı kiçik və köhnə tikililəri sökərək ərazini abadlaşdırmaq və ssəliqə-sahman yaratmaq barədə tapşırıqlar verdi, qısacası bu məsələni daim ön planda saxladı.

Beləcə qısa zamanda - 2007-ci il dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

Göründüyü kimi, dövlət başçısı və onun teatrla bağlı yürütdüyü siyasətdə kuklaçılar da daim diqqət mərkəzində oldu.

Bu siyasətin davamı kimi kollektivimiz daim dövlət başçısının diqqət və qayğısını hiss edir, öz fəaliyyətlərini bu mənada böyük məsuliyyət və sevgi ilə davam etdirir.

Peşəkar kuklaçılıq ənənələri

Azərbaycanda Kukla Teatrının dövlət səviyyəsində təşəkkülünün təşəbbüskarı və yaradıcısı Mollağa Bəbirli olub. O, 15 sentyabr 1905-ci ildə Bakıda doğulub. On yeddi yaşından AMDT-nin yardımçı heyətində çıxış edib, 1927-1928-ci illərdə Moskvada qrim və Kukla teatrı ixtisası üzrə təhsil alıb. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq edib. 1930-cu ilin may ayında teatrın yığcam briqadası Ağdam rayonuna qastrola gedib. Mollağa Bəbirli burada aktyor dostları Musa Hacızadə, Fazil Dadaşov və Abbas Rzayevlə birgə ilk Kukla tamaşasını göstəriblər.

Məktəbdə oynanılan tamaşa uğurlu keçib və bu nailiyyət Mollağanı öz arzusu uğrunda daha inamla çalışmağa sövq edib. Dramaturq Cəfər Cabbarlının yaxından köməyi və Xalq Maarif komissarlığının əmri ilə 16 may 1931-ci ildə Bakıda Türk Kukla Teatrı yaradılıb. Teatr "Sirk" adlanan ilk tamaşasını 1932-ci ilin aprelində oynayıb. Sira-məsxərə elementli həmin oyun-tamaşa çox qısa olsa da, məzəli, əyləncəli və uşaqlar üçün maraqlı idi. Mollağa Bəbirli "Zərgərpalan küçəsi, 84" ünvanlı evində kiçik bir otağı emalatxana etmişdi və burada özü Kuklalar düzəldirdi. Kuklaları həm müxtəlif ağaclardan yonurdu, həm də gəlincik tipli Əlcək (qolçaq) Kuklaları hazırlayırdı. Əvvəllər Kukla teatrının daimi binası olmadığına görə tamaşalar Bəbirlinin evində, məktəblərdə, yay aylarında pioner düşərgələrində göstərilib. Tamaşalara quruluşçu rejissorluğu əsasən Bəbirli edib. Kollektivdə Mollağa Bəbirli, Əli Əsgərov, Zinyət Abbasova, Münəvvər Dadaşova, Əliağa Qasımzadə, Püstə Rzayeva, Bəyim Əliyeva, Əli Məmmədov, Həcər Ələsgərova, Ağamehdi Əliyev, Tofiq Hüseynov, Əyyub Rzayev, aktyor-rejissor Süley-man Nəzəroğlu, rəssam Həsən Mustafayev çahşıblar. İlk illər məxsusi Kukla teatrı üçün nağıl-pyeslər olmadığına görə truppa tərcümə və təbdillər əsasında "Ayıq ol", "Əsil vəsait", "Kolxoz bazarı", "Zərbəçi briqada" kimi ideoloji təbliğat əsas götürülən tamaşalar hazırlayıb. Teatr Ali Baş Siyasi Maarif İdarəsmin nəzdində olub. 1933-cü ildə kollektiv Gənc Tamaşaçılar Teatrının nəzdində Kukla şöbəsi kimi fəaliyyətini davam etdirib. Repertu-arda tərcümələr əsasında məhz Bakı teatrı üçün işlənmiş "Pişik və it", "Balaca Muk", "Məşhur İvan", "Ələddinin sehrli lampası" tamaşaları əsas yer tuturdu. Kukla teatrı illər boyu formalaşdıqca bu janra maraq göstərən yazıçıların əsərləri repertuarda üstünlük təşkil edirdi. Bu sahədə ilk addımı gənc şair Mirmehdi Seyidzadə atıb. Onun "Nərgiz" pyesi uzun illər teatrın repertuarında müxtəlif quruluşlarda göstərilib. 1930-cu illərin ikinci yarısında Mollağa Bəbirli dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və Cəlil Məmmədquluzadənin "Ölülər" pyeslərinin Kukla teatrı variantlarını işləyib və özü də tamaşaya hazırlayıb. Məhərrəm Əlizadənin "Qoçaq Nazlı", Əli Əsgərovun "Lina Oden", Nikolay Qoqolun "Evlənmə", M. Abbasovun "Cəsur dovşan", "Qoçaq canavar", Baba Qubinskinin "Almaz", Cəfər Cəfərovun "İsgəndərin buynuzu", Mirmehdi Seyidzadənin "Fitnə", təbdil olunmuş "Tın-tın Mirzə", "Eldar kosa" pyeslərinin tamaşaları da repertuara daxil olub. 1938-ci ildə Dövlət Kukla Teatrı müstəqil sənət ocağı kimi iki il indiki Mahnı Teatrının binasında fəaliyyət göstərib.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsi ilə əlaqədar olaraq kollektiv yenə GTT-nin nəzdinə keçib. 1946-cı ildə Kukla Dövlət Teatrı Mollağa Bəbirlinin direktorluğu və bədii rəhbərliyi ilə yenidən müstəqil kollektivə çevrilib. Teatr 190 saylı məktəbin binasında yerləşib. Vaxtilə Dərbənd Dövlət Azərbaycan Teatrında aktyorluq etmiş Nadir Zamanovun kollektivə gəlişi rejissurada və üslub axtarışlarında təkanverici rol oynayıb.

1949-cu ildə teatrların özlərini maliyyələşdirmə iş sisteminə keçməsi ilə əlaqədar olaraq Azərbaycanda ondan çox dövlət teatrı, o cümlədən Kukla teatrı bağlanıb. Nadir Zamanovun fədakarlığı və rəhbərliyi ilə kiçik heyətdə teatr dəstəsi yaranıb və truppa 1 yanvar 1950-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyətə başlayıb.

1962-ci il noyabr ayının 15-də Kukla teatrı dəstəsi yenə GTT-nin kollektivinə daxil olub. Həmin kollektiv 6 may 1963-cü ildə Bakıdakı Orkestr Musiqiçiləri Bürosunun sərəncamına verilib. Azərbaycan Respublikasının Nazirlər Soveti 1964-cü il aprel ayının 15-də truppanın dövlət statusunun bərpa edilməsi barədə qərar imzalayıb. Bunun əsasında Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyətə başlaması barədə 3 fevral 1965-ci ildə 17 saylı əmr verib.

Hazırda teatrın Dənizkənarı bulvardakı binası kollektivin sərəncamına keçib. Teatr 1965-ci il sentyabrın 25-də Mirvarid Dilbazinin "Göyçək Fatma" nağıl-pyesinin tamaşası ilə pərdələrini açıb. Tamaşaya quruluşu Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov verib və ikinci rejissorluğu ADTİ-nin diplomçusu Maqbet Bünyadov edib. "Göyçək Fatma"nın rəssamı Faiq Əhmədov, bəstəkarı Oqtay Zülfüqarov idi. Əsas rolları Şəfiqə Axundova (Qarı nənə), Münəvvər Zamanova (Fatma), Oqtay Dadaşov (Xoruz və Qızıl inək), Sona Həsənova (Xanım), Nadir Zamanov (Xanımın əri) ifa ediblər. Qırx ildə teatr öz yaradıcılığının təkamül dövrünü keçib, fərdi sənət estetikasını müəyyənləşdirib, poetika səciyyələrini təsdiqləyib. İlk növbədə isə bu yaradıcılıq uğurlarına üslubca zəngin, formaca əlvan, mövzuca müxtəlif tamaşaları əhatə edən repertuar əsasında nail olub.

Teatr həm kiçik yaşlı uşaqlar, həm yuxarı sinif şagirdləri, həm yeniyetmələr, həm də yaşlılar üçün tamaşalar hazırlayıb. Sənət ocağı öz ətrafında Əli Səmədli, Tofiq Mütəllibov, Xanımana Əlibəyli, Anar, Firuz Məmmədov, Fikrət Sadıq, Kəmalə Ağayeva, Rəhman Əlizadə, Kamal Aslan kimi dramaturqları cəmləşdirib. 1966-cı il-də ilk tamaşası göstərilən Əli Səmədlinin "Artıq tamah baş yarar" (quruluşçu rejissor Əfrasiyab Məmmədovdur) 1000 dəfədən çox oynanılıb.