UNIMA Azərbaycan Milli Mərkəzi haqqında ətraflı məlumat
UNIMA Azərbaycan Milli Mərkəzi 17 sentyabr 2011-ci ildə yaradılıb və əllidən çox üzvü var. UNIMA Azərbaycan Milli Mərkəzi Azərbaycanda fəaliyyət göstərən beş Dövlət Kukla Teatrı və Dövlət Marionet Teatrının nümayəndələrinin təmsil olunduğu beynəlxalq təşkilatdır.
Yarandığı tarixdən etibarən mərkəz kukla sənətinin inkişafına böyük dəstək göstərmişdir. Dövlət Proqramı çərçivəsində Bakıda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNIMA Beynəlxalq Kukla Teatrları Assosasiyası və Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə iki dəfə — 2011 və 2013-cü illərdə “CIRTDAN” Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib.
Azərbaycan Dövlət Kukla Teatrının və UNIMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə kukla teatrı aktyorlarının inkişafına töhfə verən müxtəlif kurslar təşkil olunub.
UNIMA Beynəlxalq Kukla Teatrları Assosasiyası və onun Təşkilat Komitəsinin toplantısı da Bakıda keçirilib. Mərkəzimiz tez-tez xarici ölkələrdə keçirilən beynəlxalq kukla teatrı festivallarında iştirak edir və Azərbaycanda təşkil olunan bütün milli və beynəlxalq tədbirlərdə fəal təmsil olunur.
UNIMA Azərbaycan Milli Mərkəzi məcburi köçkün, qaçqın ailələri, internat məktəbləri və uşaq evləri ilə sıx əlaqədədir. Eyni zamanda digər ölkələrin UNIMA mərkəzləri ilə də sıx əməkdaşlıq edir.
UNIMA Azərbaycan Milli Mərkəzi və Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə uşaq evlərində, internat məktəblərində və orta təhsil müəssisələrində kukla tamaşaları təşkil olunur.
Üzvlərimizin sayı artmaqdadır və inanırıq ki, yaxın gələcəkdə UNIMA Azərbaycan Milli Mərkəzi kukla sənətinin inkişafına daha çox töhfə verəcək və daha geniş miqyaslı bir təşkilata çevriləcəkdir.
Hörmətlə,
UNIMA Azərbaycan Milli Mərkəzinin prezidenti
Rəşad Əhmədzadə
Bakı şəhərinin zəngin teatr ənənələri fonunda keçirilən Cırtdan Beynəlxalq Teatr Festivalı həm milli, həm də beynəlxalq səviyyədə diqqət çəkən mühüm mədəni hadisələrdən biri kimi yadda qalıb. Bu festival xüsusilə uşaq və gənc tamaşaçı auditoriyasına yönəlmiş kukla və eksperimental teatr nümunələrini bir araya gətirməklə fərqlənir və Azərbaycanın teatr məkanında yeni nəfəs, yeni baxış formalaşdırır.
Festivalın I buraxılışı 2011-ci ildə Bakıda təşkil olunmuşdur və şəhərin mədəni həyatında əsl bayram ovqatı yaratmışdır. Müxtəlif ölkələrdən dəvət olunmuş teatr kollektivləri öz milli səhnə ənənələrini, estetik üslublarını və kukla sənətinin fərqli texnikalarını nümayiş etdirərək tamaşaçılara rəngarəng və yaddaqalan proqram təqdim etdilər. Bu festivalın əsas məqsədi yalnız tamaşaların nümayişi ilə kifayətlənmirdi; burada mədəniyyətlərarası dialoqun qurulması, yaradıcılıq mübadiləsinin genişləndirilməsi və beynəlxalq əməkdaşlıqların təməli qoyulurdu. Festival çərçivəsində klassik nağıl motivləri müasir səhnə həlləri ilə təqdim olunur, uşaqlar üçün interaktiv tamaşalar və ustad dərsləri keçirilir, teatr mütəxəssisləri arasında seminar və müzakirələr təşkil edilirdi. “Cırtdan” obrazının festivalın simvolu kimi seçilməsi isə Azərbaycan folklorunun zənginliyini vurğulamaqla yanaşı, milli dəyərlərlə dünya teatr sənəti arasında körpü rolunu oynayırdı.
II Cırtdan Beynəlxalq Teatr Festivalı isə 2013-cü ildə keçirilmiş və artıq daha geniş miqyas, daha yüksək təşkilati səviyyə ilə yadda qalmışdır. Əgər birinci festival daha çox tanıtım və təqdimat xarakteri daşıyırdısa, ikinci festival bu təşəbbüsü möhkəmləndirərək onu beynəlxalq teatr təqvimində özünəməxsus yerə çıxardı. İştirakçı ölkələrin və teatr kollektivlərinin sayının artması, yeni və innovativ səhnə texnologiyalarının tətbiqi, həm ənənəvi kukla teatrının, həm də müasir performans və fiziki teatr elementlərinin proqramda yer alması festivalın əhatə dairəsini daha da genişləndirdi. Eyni zamanda, gənc rejissor və aktyorlar üçün yaradılmış platformalar yeni istedadların üzə çıxmasına imkan yaratdı.
Festival çərçivəsində təqdim olunan tamaşalar həm mövzu, həm də estetik baxımdan zənginliyi ilə seçilirdi. Nağıl süjetlərindən sosial və fəlsəfi mövzulara qədər geniş spektr tamaşaçıya təqdim olunaraq festivalın yalnız əyləncə xarakteri daşımadığını, həm də maarifləndirici və düşündürücü missiya daşıdığını sübut edirdi.
Bu festivallar sayəsində müxtəlif mədəniyyətlər bir səhnədə qovuşmuş, yeni yaradıcılıq əlaqələri yaranmış və tamaşaçılar üçün unudulmaz sənət nümunələri təqdim olunmuşdur. Bu ənənənin davam etdirilməsi isə həm milli teatr sənətinin inkişafı, həm də gələcək nəsillərin estetik dünyagörüşünün formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu festivalların Azərbaycan Dövlət Kukla Teatrı üçün əhəmiyyəti isə xüsusi vurğulanmalıdır. İlk növbədə, “Cırtdan” festivalı teatrın beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynadı. Xarici teatr kollektivləri ilə qurulan yaradıcı münasibətlər gələcək əməkdaşlıqların əsasını qoydu, ortaq layihələrin reallaşmasına zəmin yaratdı. Festival həm də teatrın yaradıcı heyəti üçün yeni təcrübə mühiti formalaşdırdı; aktyorlar, rejissorlar və rəssamlar dünya kukla sənətinin müxtəlif istiqamətləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər.
Bununla yanaşı, festival Azərbaycan Dövlət Kukla Teatrının repertuar siyasətinə və estetik axtarışlarına da müsbət təsir göstərdi. Müasir səhnə texnologiyaları, fərqli kukla texnikaları və innovativ yanaşmalar teatrın tamaşalarında yeni ifadə vasitələrinin tətbiqinə stimul verdi. Eyni zamanda, bu cür beynəlxalq tədbirlər teatrın nüfuzunun artmasına, onun regionda aparıcı mədəniyyət ocaqlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etdi.
Festivalın digər mühüm təsiri isə tamaşaçı auditoriyasının genişlənməsi ilə bağlıdır. Yerli və xarici tamaşaların təqdimatı uşaqlarda və gənclərdə kukla teatrına marağı artırdı, yeni tamaşaçı nəsli formalaşdırdı. Bu isə teatrın davamlı inkişafı və gələcək fəaliyyətinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nəticə etibarilə, I (2011) və II (2013) Cırtdan Beynəlxalq Teatr Festivalları yalnız Bakı şəhərinin mədəni həyatına rəng qatmaqla kifayətlənməmiş, eyni zamanda Azərbaycan Dövlət Kukla Teatrının yaradıcılıq potensialının inkişafına, beynəlxalq inteqrasiyasına və sənət nüfuzunun yüksəlməsinə ciddi töhfə vermişdir. Bu festivallar müxtəlif mədəniyyətləri bir səhnədə birləşdirərək həm sənət adamları, həm də tamaşaçılar üçün unudulmaz yaradıcılıq platforması yaratmışdır. Bu ənənənin davam etdirilməsi isə milli teatr sənətinin gələcək inkişafı baxımından olduqca vacibdir.
Teatr mütərəqqi beynəlxalq təcrübə əsasında müasir milli səhnə sənətinin hərtərəfli, ahəngdar inkişafını təmin edən yaradıcılıq axtarışları aparmaqla, novator səhnə formalarını tətbiq etməkdə davam edir.
Mütərəqqi beynəlxalq təcrübədən, yeni teatr formalarından, teatr estetikasından bəhrələnərək müasir tamaşaların hazırlanması məqsədilə teatrın yaradıcı qrupu müxtəlif illərdə keçirilən treninqlərdə iştirak edir, həmçinin özü də bir sıra təşəbbüsləri dəstkləyir.
Bu mənada Azərbaycan Dövlət Kukla Teatrı Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı ilə sıx əməkdaşlıq edir, bu teatr bayramı müştərək təşkil olunur.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı yaradıcı təşkilat, sənət mərkəzi kimi mütəmadi beynəlxalq festivallara dəvətlər alır, dünya teatr aləmində təmsilçiliyini genişləndirməyə, yaradıcılıq əlaqələrini möhkəmləndirməyə çalışır. Bu baxımdan, teatrın Türkiyə, Rusiya, Gürcüstan və Özbəkistan kimi ölkələrlə uzunmüddətli və səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur.
Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı da bu əməkdaşlıq nümunələrindən biridir. Ötən il üçüncü dəfə keçirilən festival coğrafiyasını genişləndirərək bağlanış mərasimini Bakıda təşkil etmişdi. Bu, tədbirin Ankara, İstanbul və Bakı şəhərlərini əhatə etməklə kukla sənətçilərini bir araya gətirməsinə imkan yaratmışdı.
Festivalın təşkilinə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə üzrə Milli Komissiyası, TİKA, eləcə də Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrı dəstək verir. Layihənin əsas məqsədi müxtəlif ölkələrdən olan kukla sənətçilərini bir araya gətirmək, milli kukla teatrı və oyunları ənənələrini beynəlxalq miqyasda tanıtmaq, eyni zamanda, yeni ortaq layihələrin əsasını qoymaqdır.
Əməkdaşlığın növbəti mərhələsi qonşu Gürcüstan kuklaçıları ilə oldu.
Belə ki, 2022-ci ildə Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə əsasən, ikin ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Memorandumun əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır. Belə olduqda əməkdaşlıq edən teatrların həm bədii-yaradıcılıq potensialı inkişaf edəcək, həm də sağlam rəqabət mühiti formalaşacaq.
Hər iki ölkənin teatr təmsilçiləri üçün əlverişli olacaq razılaşmaya əsasən birlik azərbaycanlı kuklaçıların Gürcüstanda müxtəlif yaradıcılıq layihələrinə dəstək verəcək, həmçinin hər iki ölkənin teatrları arasında əlaqələndirici missiyasını yerinə yetirir.
Qarşılıqlı qastrol səfərləri, dəyirmi masalar, müştərək tamaşalar və bu kimi digər yaradıcı təşəbbüslərə yol açacaq razılaşmada teatrların repertuar siyasəti və təbliğatı məsələləri ilə bağlı da müddəalar yer alır.
Xatırladaq ki, Gürcüstan Mədəniyyət Nazirliyinin eyni profilli teatrların mərkəzləşmiş idarəetməsi və yaradıcılıq baxımdan tərəqqisi məqsədi ilə təsis etdiyi bu birlik öz ətrafına ölkənin ən tanınmış teatr mütəxəssislərini cəlb etməklə bir çox maraqlı layihələrə imza atıb.
Analoji təşəbbüs qardaş Özbəkistan kuklaçıları ilə də uğurla nəticələndi.
Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı kollektivi 25-28 iyun 2024-cü il tarixlərində ölkəmizdə səfərdə oldu.
İki sənət ocağının rəhbərinin iştirakı ilə əməkdaşlıq haqqında müqavilə imzalandı.
Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad-dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb.
Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur.
Əməkdaşlığın əsas istiqamətləri və vəzifələrə gəlincə, müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.
Belə ki, tərəflərin əməkdaşlığı ilə tamaşaların yaradılması layihələrinin perspektiv planına uyğun olaraq prosesə Özbəkistanda azərbaycanlı rejissor, Azərbaycanda isə özbək rejissorun quruluşunda milli dramaturgiya nümunələrindən tamaşaların hazırlanması ilə başlanacaq.
Sənəddə yaradıcı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların hazırlanması üzrə birgə tədris layihələrinin həyata keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq teatr festivallarında qazandığı mükafatlarla Azərbaycan səhnə sənətinin dünyada tanıdılmasında mühüm rol oynayan aparıcı kollektivlərdən biri kimi çıxış edir. Teatrın xarici ölkələrdə iştirakı təkcə təqdimat xarakteri daşımır, eyni zamanda yüksək nəticələrlə müşayiət olunur və bu, onun peşəkar səviyyəsinin konkret göstəricilərində aydın şəkildə əksini tapır.
Müxtəlif illər ərzində teatr Avropa, Asiya və MDB məkanını əhatə edən 20-dən çox ölkədə keçirilən beynəlxalq teatr festivallarında iştirak etmişdir. Bu iştirakların böyük hissəsi uğurla nəticələnmiş, kollektiv ümumilikdə 30-dan artıq mükafat və fəxri diplomla təltif olunmuşdur. Bu fakt teatrın hər bir beynəlxalq platformada rəqabətədavamlı çıxış etdiyini və özünəməxsus yaradıcılıq üslubu ilə seçildiyini göstərir.
Qazanılan mükafatların məzmununa diqqət yetirdikdə onların müxtəlif istiqamətləri əhatə etdiyi görünür. Teatr bir sıra festivallarda “Ən yaxşı tamaşa” nominasiyası üzrə qalib olmuş, quruluşçu rejissorların işi beynəlxalq münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda aktyor ansamblının peşəkar oyunu, səhnə plastikası və kukla idarəetmə texnikası xüsusi mükafatlara layiq görülmüşdür. Bəzi festivallarda isə teatr innovativ səhnə həllərinə, kukla texnologiyalarının yaradıcı tətbiqinə və uşaqlar üçün nəzərdə tutulmuş tamaşaların yüksək bədii səviyyəsinə görə fərqləndirilmişdir.
Teatrın beynəlxalq uğurlarının coğrafiyası da diqqətəlayiqdir. Türkiyə, Rusiya, İran, Gürcüstan kimi region ölkələri ilə yanaşı, Avropanın müxtəlif teatr məkanlarında əldə olunan mükafatlar kollektivin geniş auditoriya tərəfindən qəbul olunduğunu və fərqli mədəni mühitlərdə uğur qazandığını sübut edir.
Son illərin statistik dinamikası göstərir ki, Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq festivallarda iştirakını daha məqsədyönlü şəkildə qurur və bu iştiraklar getdikcə daha çox mükafat və təltiflərlə nəticələnir. Əgər əvvəlki mərhələlərdə əsas məqsəd tanıtım və təcrübə mübadiləsi idisə, müasir dövrdə teatr artıq beynəlxalq arenada sabit uğur qazanan kollektiv kimi formalaşmışdır.
Beləliklə, əldə olunan bu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq festivallarda qazandığı mükafatlarla yalnız milli teatr sənətini təmsil etmir, eyni zamanda qlobal səhnə məkanında rəqabət aparan, öz sənət estetikası və peşəkarlığı ilə seçilən nüfuzlu mədəniyyət ocaqlarından biri kimi mövqeyini möhkəmləndirir.