Teatrımızın peşəkar komandası
Sənət ocağının 1965-ci ildəki bərpa dövründən sonra Dövlət Kukla Teatrının truppasında Azərbaycan Respublikasının əməkdar artistləri Oqtay Dadaşov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Lyubov Adamova, aktyorlardan Şahmar Hüseynov, Ruslan Həsənov, Xədicə Səidova kimi təcrübəli sənətkarlar çalışmışlar.
Hazırda teatrda üç əməkdar artist – Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Vüqar Camalov, iki əməkdar mədəniyyət işçisi – Rəşad Əhmədzadə (teatrın direktoru), Aslan Fətullayev (dram artisti), üç Prüzident mükafatçısı – Rəhman Rəhmanov (dram artisti), Aygül Ağayeva (dram artisti), Anar Məmmədov (şöbə müdiri) çalışırlar.
Bundan başqa, Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı, eləcə də yaradıcı təşkilatların orden ve medalları, fəxri fərman və təşəkkürnamələri ilə təltif olunan zəngin heyətimiz var.
24 nəfərlik artist heyətinin 70 faizi gənclərdən təşkil olunub.
Teatrın yaradıcılıq özünəməxsusluğuna nəzər salmaqla diqqətinizi bu mənada daha incə, spesifik istiqamətə cəlb etmək istərdim.
Belə ki, bildiyiniz kimi, kukla teatrı özünün fəaliyyəti dövründə "mil", "Əlcək" ("qolçaq"), "döşəmə" (hündür), marionet kuklalarla yanaşı, aktyor-kukla formalarında da tamaşalar hazırlayıb. Müəyyən tamaşalarda milli xalq oyunlarında işlənmiş kuklalarla bərabər maskalardan, maska-gəlinciklərdən, maska-bəbəklərdən istifadə edilir. İllər boyu teatrda müəyyən ifaçılıq üslubu formalaşıb. Həmin üslub bütövlükdə milli kilimarası oyunlarının əlvanlığını, Qərb Kukla estetikasının səciyyəvi prinsiplərini özündə təcəssüm etdirməklə orijinal yaradıcılıq yolunu müəyyənləşdirib. Milli, Şərq və Qərb xalqları Kukla oyun-tamaşalarının və teatrlarının nailiyyətlərindən bəhrələnən kollektiv forma axtarışlarında müəyyən ölçü "sədlərini" cəsarətlə sındırıb. Həmin cəhdlərin nəticəsində epik, lirik, poetik, nağıl, dastan... kimi mürəkkəb janrlarda, karnaval, məsxərə, buffonada estetikalarında maraqlı tamaşalar oynanılıb.
Bu baxımdan Azərbaycan Dövlət Kukla Teatrı illər boyu formalaşdırdığı poetika göstəricilərini zənginləşdirmək, aktyorların yaradıcılıq əlvanlığını canlandırmaq üçün daha məzmunlu repertuar uğrunda inamlı axtarışlar aparır.
İstedadlı gənc kadrların, bakalavr və magistr dərəcəsində təhsil alan gənc rejissorların eksperimental yaradıcılıq axtarışlarını tənzimləməsi, kollektivin inkişafına xidmət edən studiyaların fəaliyyətinə nəzər də bizim üçün ön plandadır.