Teatrın cari repertuarında yer alan tamaşalar
Son yarım əsrdən çox tarixdə, yəni növbəti bərpadan sonra teatrın oynadığı onlarca tamaşalar arasında aşağıda göstərilən səhnə əsərləri daha dəyərli və məzmunlu olub. "Keçinin qisası" (Əyyub Abbasov. 1965), "Cırtdan" (Mirmehdi Seyidzadə. 1967), "Tələ quran özü düşər" (Firuz Məmmədov. 1969), "Sehrli nar" (Mirmehdi Seyidzadə. 1970), "Bu ev kimindir?" (Samuel Marşak. 1973), "əkiz qardaşlar" (nağıl-tamaşa. 1974), "Qoçaq Polad" (Tofiq Kazımov. 1974), "Üç nağıl" (Abdulla Şaiq. 1975), "Qaravəlli" (Anar. 1975), "Danışan qayalar" (Tofiq Mütəllibov. 1976), "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyovun əsəri əsasında. 1977), "Hara qaçırsan, dayça?" (Rada Moskova. 1978), "Cunquş" (Xanımana Əlibəyli. 1979), "Hamam hamam içində" (Rəhman Əlizadə. 1980), "Ac qulağım, dinc qulağım" (Firuz Məmmədov. 1981), "Məlik Məmməd" (Eldar Baxışm işləməsi. 1982), "Yumaq top" (Fikrət Sadıq. 1983), "Basat və Təpəgöz" (Eldəniz Quliyev və Azər Əbilov. 1984), "Sehrli güzgü" (Şahmar Hüseynov. 1984), "Gözəllər gözəli" (Xanımana Əlibəyli. 1985), "Ları Xoruz" (Əli Səmədli. 1989), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə. 1990), "Bakı həyətinin rekviyemi" (Namiq Ağayev. 1991), "Bilqamıs əfsanəsi" (Rəhman Əlizadə. 1992), "Keçəlin toyu" (Rəhman Əlizadə. 1993), "Canım Qırat, gözüm Dürat" (Firudin Qurbansoy və Bəhram Basqallı. 1993), "Pırpız Sona" (Rəhman Əlizadə. 1994), "Cubbulunun çərpələngi" (Əli Səmədli. 1995), "Ulamaqdan mələməyə" (Həsənağa Hüseynov), "Ay dəli..." (Rəhman Əlizadə. 1997), "Dəcəl çəpişlər" (Rəhman Əlizadə. 1998), "Ələkbər əmi divin qəsrində" (Aygün Ələddinqızı. 2000), "Hərb və sülh" (Abdulla Şaiqin "Ovçu Məstan" poeması əsasında), "Cik-Cik" (Əli Səmədli. 2001), "Ləpələrin nağılı" (Xanımana Əlibəyli. 2002), "Keçəl pəhləvan" (Fərman Rzayev. 2003), "Qız qalası" (Rəhman Əlizadə. 2004).
Sözsüz ki, teatr əsaslı təmir-bərpadan sonra öz repertuarı üzərində daha əhatəli işləməyə, əsərlərin mövzu və janr xüsusiyyətlərini daha fundamental nəzərdən keçirməyə çalışdı.
Ümumən 2008-2014-cü illər ərzində hazırlanan tamaşalara nəzər salsaq bunu əyani görürük.
Bu mənada dünya və milli ədəbi nümunələrdən seçmələr olan “Düyməcik”, “Cırtdan”, “Zınqrovlu pişik”, “Göyçək Fatma”, “Cik-Cik xanım”, “Qoçaq Əhməd”, “Ələddin”, “Şəngülüm, Məngülü”, “Müsjö Jordan və Dərviş Məstəlişah”, “O olmasın, bu olsun”, “Pinokkionun sərgüzəştləri”, “Balaca şahzadə”, “Karlson”, “Sehrbaz qadın”, “Dəli Domrul”, “Çippolino” və s. tamaşalar cari repertuarda möhkəmlənərək özünün əsas tamaşaçı tələbini ödəyə bildi.
Ötən dövr ərzində kollektiv dünyanın bir sıra ölkələrində keçirilən Beynəlxalq Teatr Festivallarında fəal iştirak etmiş və daim uğurlara nail olmuşdur. Tarixə qısa ekskursiya ilə son 10 ilə daha sonra xüsusi nəzər salarıq.
Qısa qeyd olaraq deyək ki, Azərbaycan Dövlət Kukla Teatrı Moskvada (1937, 1977 və 1995), Yəmən Ərəb Respublikasında (1973), Özbəkistan Respublikasında (1979), Hindistanda (1980), Ermənistanda (1982), eləcə də Tiflisdə (1984), Arxangelskdə (1988), Türkmənistan Respublikasında (1989), İran İslam Respublikasında (1990 və 1992), Türkiyənin Ankara (1991) və İstanbul (1998) şəhərlərində qastrollarda olub, beynəlxalq festivallarda, müxtəlif sənət bayramlarında iştirak edib.
Sözsüz ki, son 10 ildə səfər sayı və proqramı daha da geniş vüsət alaraq dünyanın ən müxtəlif qütblərini – Yunanıstandan Birləşmiş Ərəb Əmirliklərinə 30-dan artıq ölkəni əhatə edib.
2014-cü il fevral ayının 28-dən mart ayının 4-dək Hindistanın paytaxtı Dehli şəhərində "İshara Beynalxalq Kukla Teatrlari Festivalı" keçirildi.
Böyük Britaniya, Hindistan, Bolqarıstan, İrlandiya, İspaniya, İtaliya və İsrail kimi dövlətlərin iştirak etdiyi beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrı da "Chanta trio &..." tamaşası ilə çıxış etdi.
Teatrımız I və II Şəki Beynəlxalq Teatr, həmçinin Lənkəranda keçirilən I Beynəlxalq Teatr festivallarında da uğurla təmsil olunub.
Xatırladaq ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində reallaşan festival öz ətrafına bir çox dünya tetar təmsilçilərini toplaya bilmişdi.
Teatrın xarici festivallarda iştirakı sırasında 2017-ci ilin 6-10 iyun tarixlərində Qazaxıstan Respublikasında keçirilən “Orteke“ V Beynəlxalq Kukla Teatrları Festivalında iştirak da var.
Teatr Rusiyanın Həştərxan vilayətində keçirilən “Xəzərin sahili” (“Kaspiyskiy bereq”) VI Beynəlxalq Teatr Festivalında (2018) da təmsil olunub.
Elə həmin ildə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə teatr təmsilçilərimiz 5-14 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən S. V. Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalına da qatılaraq uğurlu nəticə əldə etdilər.
2018-ci ildə Azərbaycan Dövlət Kukla Teatrı “Zəng” mono tamaşası ilə İranın Məşhəd şəhərində keçirilən “Jigi-Jigi” Beynəlxalq Performans və Sənət Festivalına qatıldı.
Teatr 2018-ci il iyunun 1-dən 5-dək Gürcüstanın Tbilisi şəhərində təşkil edilən Birinci Beynəlxalq Uşaq və Gənclər Teatrları Festivalında da iştirak edib.
Gürcüstan İncəsənət və Tədqiqatlar İnstitutu və Gənclər Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu teatr tədbiri Tbilisi şəhər meriyası və UNESCO-nun təhsil şəbəkəsinin dəstəyi ilə reallaşıb.
Keçmiş ittifaq ölkələri ilə yanaşı, İran və İsveçrə kuklaçılarının da təmsil olunduğu beynəlxalq tədbirin proqramında tamaşa nümayişləri ilə bərabər, müasir uşaq və kukla teatrlarının problemləri, ümumilikdə teatrın hazırkı vəziyyəti, uşaqların təhsil və tərbiyəsində teatrın rolu, eləcə də teatrın dünyada sülhün carçısı kimi çıxış etmək missiyası ətrafında panel müzakirələr də yer alıb.
Avrasiya Mədəniyyət Qovşağı - İpək Yolları təşəbbüslərinin inkişafı çərçivəsində reallaşan tədbirdə Beynəlxalq Teatr İnstitutu və Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) da geniş tərkibdə təmsil olunub.
Kuklaçılar ilk festivalda teatrın repertuarındakı milli koloritli maraqlı tamaşalardan olan M.F. Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası ilə təmsil olundu.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə fəxri münsif kimi ölkəmizi IX Monodram Tamaşalar Festivalında da (2020) təmsil edib.
Teatrların beynəlxalq əlaqələrinin genişləndirilməsi, yeni yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər 20-24 fevral tarixlərini əhatə etmişdi.
Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Türkiyə Cümhuriyyətində keçiriləcək XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalında da iştirak edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə təşkil olunan festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə türkdilli ölkələri bir araya gətirib.
Teatr özü də festival təşəbbüsləri edir və maraqlı auditoriya formalaşdırmaq təşəbbüsləri reallaşdırır.
Belə ki, 2017-ci il 9 iyun - Beynəlxalq Dostlar Günü münasibətilə 3 günlük festival keçirmişik.
Müxtəlif nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları festivala dəvət edən bayram tədbiri Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Milli Park ərazisindən keçməklə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində bitdi.
Rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan “Qoğal” tamaşası nümayiş olundu.
İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim etdi.
Teatr 2022-ci ilin 30 noyabr-05 dekabr tarixlərində Karaqanda Akademik Musiqili Tetarının təşkilatçılığı ilə keçirilən “Kuklandiya” adlı IV Açıq Kukla Teatrları Festivalında da uğurla təmsil olunub.
Teatr 2022-ci ildə II Qarabağ müharibəsi mövzusunda Mədəniyyət Nazirliyinin təşkil etdiyi “4.4 Qısa Tamaşalar Festivalı”nda da “Zəfər zəngi” tamaşası ilə təmsil olunub.
Haşiyə çıxaraq bir məqama diqqət çəkmək istərdik.
Bildiyiniz kimi, "Azərbaycan teatrı 2009-2919-cu illərdə" Dövlət Proqramına uyğun olaraq 2 dəfə (2011-2013) “Cırtdan” Beynəlxalq Kukla Teatrları festivalları keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi (indiki MN), UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı ilə hazırlanan festivallara ev sahibliyini məhz Kukla Teatrı etdi.
Dünya "kukla"larının Bakıya toplaşaraq öz tamaşaçıları qarşısında hesabat verməsi bu qeyri-adi səhnə sənətinin inkişafına yeni töhfələr bağışladı.
Həmin çərçivədə UNİMA (Beynəlxalq Kukla Tetarları Assosiasiyası) Milli Mərkəzi yaradıldı, Azərbaycan o təşkilata üzv oldu və tetarın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə o vaxtdan qurumun milli mərkəzinin rəhbəridir. Kollektivin 20 nəfər əməkdaşı təşkilatın daimi üzvüdür.
Bu beynəlxalq əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Dövlət Kukla Teatrı 2011-ci ildə iki beynəlxalq festivalda iştirak etdi.
Əvvəl Mərakeşdə, sonra Kazanda baş tutan bu görüş həm tamaşaçıların xoşuna gəlib, həm də mütəxəssislər Azərbaycan "kukla"larını çox bəyəndilər.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 18-19 oktyabr 2017-ci il tarixlərində Adanada keçirilən IV Şəhər Teatrları Görüşü Festivalında da ölkəmizi “Zəng” mono-tamaşası ilə təmsil etdi.
Teatr Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbir və layihələr həyata keçirdi.
Layihələrdən biri də iyunun 13-17-nə nəzərdə tutulan “Kukla teatrları həftəsi”dir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.
Sənət ocağı Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik, Qarabağın işğaldan azad olunması və ümumilikdə şanlı Zəfər tariximiz mövzusunda birpərdəli pyes müsabiqəsi də təşkil etdi və beləcə dramaturqları bir araya gətirdi.
Uşaq və yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması, qalib ruhun teatr səhnələrinə daşınması məqsədilə elan olunan müsabiqədə mövzu dairəsi geniş idi və nəticədə seçilən iki əsər - “Melisa, və “İnnab ağacı” cari repertuara daxil edildi.
Azərbaycan Dövlət Kukla Teatrının 2025-ci il festival gündəliyi də zəngin oldu.
İlk olaraq Türkiyədə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak etdi. Beynəlxalq sənət bayramı Ankarada (21–25 aprel) və İstanbulda (26 aprel) keçirildi.
Daha sonra Azərbaycanda (Bakı, 28–30 aprel) və Özbəkistanda (2–4 may) davam edən festivala Şimali Kipr Türk Cümhuriyyətində (9-12 may) yekun vuruldu.
Azərbaycan Dövlət Kukla Teatrının heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə oldu və bu çərçivədə tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olundu.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı ötən il Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı ilə sıx əməkdaşlıq qurub. 2024-cü ildə üçüncü dəfə keçirilən festival coğrafiyasını genişləndirərək bağlanış mərasimini Bakıda təşkil etmişdi. Bu, tədbirin Ankara, İstanbul və Bakı şəhərlərini əhatə etməklə kukla sənətçilərini bir araya gətirməsinə imkan yaratmışdı.
Festivalın təşkilinə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrı dəstək verir.
Kuklaçılar 20-26 may 2025-ci il tarixlərində qardaş ölkə Qazaxıstanın Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalında “Melisa” tamaşası ilə çıxış edərək Qazaxıstan Mədəniyyət və İnformasiya nazirinin xüsusi təşəkkürnaməsini aldılar.
Təmsilçilərimiz 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında da uğurlara imza atrılar.
Qeyd edək ki, E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilərək kuklaçıları bir araya gətirir.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstək verdiyi teatr bayramında kuklaçılarımız yeni səhnə əsəri - xüsusi təqvimlə bağlı təşkil olunan beynəlxalq miqyaslı teatr bayramına yaradıcı heyət “İnnab ağacı” adlı səhnə işi ilə qatılaraq rəğbətlə qarşılandılar.