OYUQ

Teatr-studiyası haqqında ətraflı məlumat

Studiya

AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRINDA FƏALİYYƏT GÖSTƏRƏN “OYUQ” TEATR-STUDİYASI

Yetişən nəsillərin milli teatr sənətimizə sevgi ruhunda yetişməsi, ənənəvi həvəskar aktyorların formalaşması və kukla teatrı, kukla sənətinə hələ uşaqkən alışması üçün azyaşlı uşaqların teatra cəlbi ön plana keçdi. Bu zaman teatrların nəzdindəki teatr-studiyaları, xüsusən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası bu işdə daha geniş fəaliyyətə başladı.

Teatrın inkişafı ilə bağlı müvafiq dövlət proqramında da xüsusi qeyd olunan bu məqam teatr qarşısında xüsusi bir tələbə çevrildi və beləcə studiyanın sıraları daha da genişləndi.

Beləliklə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 05.05.2011-ci il tarixli 181-s saylı sərəncamına sasən 01.11.2012-ci il tarixindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında teatr-studiyasının fəaliyyəti bərpa olundu.

“Oyuq” teatr-studiyasının bu dövrdəki 12 üzvündən 6-sı Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunları idi. Ilk müddətdə tələbə və müəllimlərin ərsəyə gətirdiyi “Dünya gözəli” (A. Şaiq), “əkiz qardaşlar” (H. Ziya), “Sindibadın xoşbəxtlik adasına səyahəti” (R. Əlizadə) tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim olundu.

Hər il fəaliyyətini daha da genişləndirən studiya yeni səhnə işləri ilə yanaşı sıralarına müsabiqə yolu ilə azyaşlı istedadlıları da cəlb etdi.

Belə ki, 2013-cü ildə “Kaspi” təhsil mərkəzi ilə birlikdə müsabiqə təşkil edən studiya orada təhsil alan səhnə bacarıqlı uşaqları bir araya toplayaraq “Oyuq”un uşaq qrupununun təşkilinə nail oldu. Qısa müddətdə gərgin məşqlər aparan fəalların iştirakı ilə “Cırtdan” tamaşası hazırlandı. Balaca aktyorların səhnə debütü böyük maraqla qarşılandı. Ardınca ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq böyük konsert-tamaşa hazırlandı. “Hər birimiz bir çiçək” adlı bu konsert proqramı ilə tamaşaçılar balaca istedadları daha yaxından tanıdılar.

Elə həmin il 15 iyun - Milli Qurtuluş Günü münasibətilə də səhnəciklərlə zəngin vətənpərvərlik mahnılarından ibarət geniş konsert proqramı da təqdim olundu.

Studiyanın sıralarında yer alan istedadlı azyaşlı Aylin Nəcəfli həmin ildə beynəlxalq festivaldan qazandığı yüksək mükafatla ona olan etimadı tam doğrulda bildi. Belə ki, Bolqarıstanın Varna şəhərində baş tutan ənənəvi “Golden Sparkles” mahnı müsabiqəsində “Ən yaxşı səs” nominasiyasında yer tutdu.

2014-cü ildə də studiyanın fəaliyyət tarixçəsində öz zənginliyi ilə qaldı. həmin il “Cırtan” II Beynəlxalq Kukla Teatrları Festivalının açılışında, eləcə də il ərzində teatrda baş tutan bayram tədbirləri və yubiley gecələrində teatrın əsas truppası ilə yanaşı studiyanın balaca aktyorlarının da bacarığından geniş istifadə olundu. Məhz beynəlxalq festivalın təntənəli açılışında çıxış edən balacalar xarici qonaqların böyük rəğbətini qazandılar.

Bu ilin uğurlu tədbirləri sırasında Yeni il, Novruz bayramı, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə düzənlənən konsert proqramları balaca istedadların iştirakı olmadan baş tutmayıb.

2014-cü il də studiyanın beynəlxalq qələbəsi ilə yadda qalıb. Belə ki, studiyanın üzvü olan balaca vokalçı-aktrisa Aylin Nəcəfli Bolqarıstanın Varna şəhərində baş tutan ənənəvi “Golden Sparkles” mahnı müsabiqəsində uğurla çıxış edərək yüksək mükafatla təltif olunub.

Bundan başqa studiyanın digər üzvü Selcan Müseyibova Makedoniyanın Struqa şəhərində keçirilən “Ezerskie Biseri” Beynəlxalq Musiqi Festivalında təmsil olunaraq “Ən yaxşı səs” nominasiyasında birincilik qazanıb.

Hər il sıralarını daha da genişləndirən “Oyuq”un üzvlərinin say sırası da genişlənib və müsabiqə yolu ilə uşaqların sayı 10 nəfərə çatdırılıb.

Studiyanın bir neçə üvü repertuarda yer alan tamaşalardakı uşaq obrazklarını məharətlə yaradıblar. Bu sırada “Tıq-tıq və taq-taqın nağılı”, “Ağ babanın nağılı”, “Sehrli üzük”, “Çəkməli pişik” tamaşalarını qeyd edə bilərik.

Stuyanın balaca aktyorlarının iştrikı ilə müstəqil tamaşa da 2015-ci ildə izləyicilərə təqdim olunub. Yazıçı Səidə haqverdiyevanın “Şah və onun xüdpəsənd oğlu” nağılı əsasında eyniadlı tamaşa, həmçinin “Cırtdan və Tıq-tıq xanımın sərgüzəştləri” adlı tamaşa hazırlandı. Hər iki tamaşaya Səidə Haqverdiyeva quruluş verdi.

Həmin il studiya üzvləri Türkiyənin İstanbul şəhərində baş tutan ənənəvi 23 nisan Cocuq bayramında uğurla çıxış edərək təşkilatçıların təşəkkürnaməsi ilə təltif olundular.

2016-cı ildə də "Oyuq" teatr studiyasının üzvləri əldə etdikləri bilik və bacarıqlarını tamaşaçılar qarşısında nümayiş etdirməkdə davam etdilər. Belə ki, həmin ildə “Cırtdan və onun dostları”, “Oyaq gözəl”, “Şahın xüdpəsənd oğlu” tamaşaları səhnələşdirilərək yeni uşaqların iştirakı ilə təqdim olundu.

Bu il studiyanın tarixində uğurlu aksuyalar, irihəcmli layihələrlə də yadda qaldı.

Talasemiyalı xəstələr, ümumiyyətlə qan çatışmazlığından əziyyət çəkən azyaşlıların problemini qabartmaq və cəmiyyəti bu yöndə maarifləndirmək məqsədilə böyük xeyriyyə aksiyası təşkil olundu. Paytaxtdakı xüsusi mərkəzlərdə qeydiyyatda olan balacaların da iştirak etdiyi aksiya istər KİV-də, istərsədə cəmiyyətdə böyük əks-səda doğurdu.

Maarifləndirmə missiyasını davam etdirən studiya Uşaq Milli Onkologiya Mərkəzində müalicə alan azyaşlılar qarşısında rəngarəng konsert proqramı və tamaşa ilə də çıxış etdilər. bu silsiləni Saray qəsəbəsində fəaliyyət göstərən xüsusi tipli uşaq evi-internat məktəbindəki konsert p roqramı davam etdirdi.

2016-cı il studiyanın həyatında müsabiqə ili kimi də yadda qaldı. çoxsaylı istedadlı uşaqlar araslından ən bacarıqlıları seçilərək studiyanın uşaq qrupu sıralarına daxil edildilər. 200-dən artıq uşağın müraciət etdiyi müsabiqədən seçilən uşaqlar sayəsində üzvlərin sayı 23-ə çatdı.

9 noyabr – Dövlət Bayrağı günü münasibətilə “Gözəl və cadugər” adlı tamaşa və ardında rəngarəng konsert proqramı da təqdim olundu.

Ordumuzun aprel döyüşlərində göstərdiyi rəşadət balaca istedadların təşəkkürü, Azərbaycan əskərinə mahnı minnətdarlığı ilə yadda qaldı. “Odumuzun igidləri” adlı mahnı və bu mahnıya çəkilən ilk klip ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Yootube kanalında yerləşdirilən və televiziya kanallarında nümayiş olunan klip minlərlə izləyiciyə eyni anda vətənə, millətə, orduya sevgi və sədaqət himni ovqatı yaşatdı.

2016-cı il beynəlxalq festivallarda böyük uğurlarla da studiyanın tarixində qızıl hərflərlə yazıldı. Bu mənada fevral ayında Rusiyanın Sankt -Peterburq şəhərində keçirilən "Caz karuseli" adlı yeniyetmə və gənclərin beynəlxalq festivalında iştirakı xüsusi qeyd etməliyik. 20-dən artıq ölkədən onlarla uşaq və yeniyetmənin iştirak etdiyi bu məşhur festivalın "Qran-pri" və birinci yerini studiya üzvü olan iki azyaşlı qızımızın tutması (Selcan Müseyibova və Aylin Nəcəfli) və bu mükafatları ölkəmizə gətirməsi ən böyük uğurumuz kimi hər kəsi sevindirdi.

Xarici səfərlər sırasını Türkiyədə təşkil olunan ənənəvi 23 nisan "Cocuq bayramı"-nda iştirak davam etdirdi. Bu irimiqyaslı bayram tədbirlərində uşaq qrupununu üzvləri həm tamaşa, həm də mahnı çələıngi ilə iştirak edərək tədbir təşkilatçılarının təşəkkürnaməsi ilə təltif olundular.

Həmçinin ümumilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə silsilə tədbirlər təşkil edən studiyanın silsilə tədbir marafonu Bakı şəhəri və Bakıətrafı kəndləri də əhatə etdi."Oyuq" teatr studiyası həmin kəndlərin bir neçə uşaq evi-internat məktəblərində xeyriyyə konsertləri ilə çıxış etdilər. Həmin müəssisələrin sakinləri teatra dəvət olunublar.Tədbirlər çərçivəsində Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün də xeyriyyə tədbiri keçirilib. Talassemiyalı uşaqlarla bağlı qanvermə aksiyası çərçivəsində tamaşa-konsertlə çıxış etmişlər. Eləcə də Uşaq Psixologiya Mərkəzi ilə birgə reabilitasiya xarakterli layihə reallaşdırılıb.

”Oyuq” teatr-studiyasında "Oyaq gözəl", "Cırtdan və dostları","Şahın xüdpəsənd oğlu" adlı tamaşalar da hazırlanmışdı. Hər il 18 sentyabr -Üzeyir Musiqi Günü münaibəti ilə klassik musiqi axşamı təşkil olunmuşdur.

Qeyd edək ki, fəaliyyətində “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramındakı teatr-studiyaları ilə bağlı bəndi rəhbər tutan “Oyuq” illərdi keçdiyi uğurlu yaradıcılıq yolu ilə öz fərqini göstərə bilib. Belə ki, studiyanın yetirmələri Türkiyə, Rusiya, Makedoniya və Bolqarıstanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunaraq dəfələrlə yüksək mükafatlara layiq görülüblər.

Daim ətrafında yeni istedadlar toplayan "Oyuq" sıralarını mütəmadi genişləndirildi və studiya müvafiq dövlət proqramının icra müddəti baş çatdıqdan sonra fəaliyyətini müstəqil olaraq davam etdirdi. Buna rəğmən daim teatrla sıx əməkdaşlıq edir, sənət ocağının sosial-mədəni aksiyalarında birgə addımlar atır.

2018-ci ildən studiya müstəqil teatr olaraq fəaliyyət göstərir.