Videoqalereya

Qaynar teatr həyatından videoyaddaşa köçənlər

Sosial məsuliyyət layihələrimiz

Teatr maarifçilik ənənlərinin qorunub-saxlanması ilə yanaşı sosial-mədəni aksiyalarda aktivliyi də əsas iş prinsipi hesab edir.

Bildiyimiz kimi, 2020 və 2021-ci illərin əsas hissəsi bütün dünyada pandemiya, COVİD-19 virusu ilə mübarizədə keçdi və sözsüz ki, biz teatr ictimaiyyəti də bunun ağır nəticələri ilə üz-üzə qaldıq.

Amma həmin dönəmdə də sosial-mədəni aksiyalar, onlayn tamaşa nümayişləri, sosial şəbəkələrdə fərqli platformalarda fəaliyyətimizi dayandırmadıq.

Təsadüfi deyil ki, məhz həmin dönəmdə uşaqların diqqətini teatra cəlb etmək və onların bədii zövqünü zənginləşdirmək üçün nağıl müsabiqəsi elan etdik.

Belə ki, dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə özünəməxsus töhfələr verməyə çalışaraq Azərbaycan Dövlət Kukla Teatrı “Oyuq” Uşaq Teatrı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis. az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə etdi.

Uşaqların evdə vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə 2021-ci il aprelin 10-dan 30-dək davam etdi. 7-13 yaş arası uşaqlar arasında baş tutan müsabiqəyə təqdim olunan nağılları yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti dəyərləndirdi və 3 nəfər qalib seçilərək mükafata layiq görüldü.

“Uşaqlara dilimizi sevdirək” ideyası ətrafında iş planımızda nəzərəçarpacaq məqamlar oldu.

2021-ci il həm də teatrımızın 90 illik yubileyi kimi yaddaqalan oldu və biz bu münasibətlə bir neçə dəfə pulsuz tamaşa nümayişi və sosial-mədəni aksiya, geniş yubiley gecəsi keçirdik. Bura bədii-qiraət üzrə uşaqlar arasında yarış da daxil idi.

2021-ci ildə teatrların qismən fəaliyyəti ilə bağlı müvafiq qərardan sonra biz repertuardakı tamaşaları fasiləsiz nümayiş etdirdik. Paralel olaraq yeni səhnə işlərinin də məşqlərini edib, ilin sonunadək təqdim elədik.

Həmin ildə Qrimm Qardaşlarının eyniadlı nağılı əsasında “Ağca və Yeddi Cırtdan” (S. Haqverdiyeva) ərsəyə gəldi və təqdim olundu.

2021-ci ildə onlayn məşqləri davam edən K. Ağayevanın “Göyçək Fatma” mənzum nağılı (Q. Məsimov) yeni səhnələşdirmə və quruluşda hazırlanıb təqdim olundu.

2022-ci ildə H.X. Andersenin “Düyməcik” nağılı əsasında eyniadlı (Q. Məsimov) nümunə hazırlandı.

İkinci tamaşamız da H. X. Andersen yaradıcılığından “Qar kraliçası” oldu. A.Məmmədovun səhnələşdirmə və quruluşundakı bu tamaşa da maraqla qarşıandı.

Azərbaycan xalq nağılı “Məlikməmməd” də özünün (A. Məmmədov) yeni tərtibat və quruluşda səhnə yozumunu tapdı.

Teatr olaraq “4.4 Qısa tamaşalar festivalı”nda da təmsil olunduq.

Biz bu festivala müsabiqə qalibi olan əsər əsasında hazırladığımız tamaşa ilə qatıldıq.

Belə ki, Qarabağın işğaldan azad olunması və ümumilikdə şanlı Zəfər tariximiz mövzusunda birpərdəli pyes müsabiqəsi elan edərək yazıçı və dramaturqların diqqətini bu müsabiqəyə cəlb etdik.

Qalib pyes üçün pul mükafatı, bundan başqa, seçilən əsər əsasında tamaşanın hazırlanıb cari repertuara daxil edilməsi və ölkə miqyaslı qastrollarda nümayişi də nəzərdə tutulmuşdu və icra olundu.

Qalib əsər – Zahid Xəlilin “Zəfər zəngi” poeması əsasında eyniadlı tamaşanı hazırladıq və “4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak etdi.

Avropa və xüsusən Rusiyada populyar “Üç donuz balası” da (S. Haqverdiyeva) repertuarımıza daxil edildi.

TÜRKSOY tərəfindən 2023-cü ildə Şuşanın Türk Dünyasının Mədəniyyət paytaxtı elan olmasını nəzərə alaraq repertuarda türkdilli dövlətlərin bədii nümunələrinə, eləcə də yerli müəlliflərə xüsusi yer verdik.

Kukla Teatrı 85 və 90 illik yubileyləri münasibətilə balaca istedadlar arasında müsabiqə elan etdi.

Teatr son illər, daha doğrusu, II Qarabağ müharibəsindəki şanlı qələbəmizdən sonra müstəqil “Oyuq” Uşaq Teatrı ilə birgə işğaldan azad olunan ərazilərimizi – müqəddəs Vətən torpaqlarını az qala qarış-qarış gəzmişdir.

Belə ki, 2021-ci ilin 31 dekabrından Zəngilanın Ağalı kəndində 30 ildən sonra keçirilən ilk Yeni il şənliyi tədbirlərində iştirakın ardınca böyük qayıdışın reallaşdığı bütün ellərimizi gəzib, hər birində tamaşa və konsert proqramları təqdim etdik.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Laçın kimi şəhər və rayonlarımızda, eləcə də Talış, Hadrut, Tuğ kəndlərində möhtəşəm anlara şahidlik etdik.

Kukla Teatrı “Gəzən teatr” layihəsi çərçivəsində mütəmadi olaraq, daha dəqiqi, ildə 6-7 dəfə ən müxtəlif bölgələrimizə - Lerik, Astara, Lənkəran, İsmayıllı, Quba, Qusar, Göyçay, Şabran, Gəncə, Şamaxı kimi bölgələrimizə səfərlər edir.

Sosial çağırışlara, humanitar aksiyalara da öncüllük bu kollektivdən yan keçmir. Təsadüfi deyildir ki, kuklaçılar “COVİD-19 Mübarizəyə Dəstək Fondu, “Silahlı Qüvvələrə Yardım Fondu”, “YAŞAT” fondlarına ilk yüksək məbləğli ianələri (hər biri 5000 manat olmaqla) edib.

Kuklaçılar “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2020-ci ildən etibarən şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgələrinin hər birində çıxışlar edib, şəhidlərimizin vətənə əmanət balalarını tetarın daxili imkanları hesabına alınan hədiyyələrlə şad etməyə çalışıb.

2016-cı ildən başlayaraq UAFA (Azərbaycana Birgə Yardım) təşkilatı ilə birlikdə autizmli uşaqlarla birgə layihələrə start verən teatr “Əlimdən tut” layihəsi ilə böyük marağa səbəb oldu.

Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyuq” teatr-studiyası ilə birgə aprelin 5-də Beynəlxalq Autizm Günü münasibətilə Şərqdə ilk dəfə olaraq “Əlimdən tut” adlı sözsüz tamaşa təqdim edildi.

Tədbirdə bu mövzuda il ərzində aktivlik nümayiş etdirən bir neçə tanınmış şəxsə “Autizm uşaqların dostu” mükafatı da təqdim olundu.

Müəyyən inkişaf məşğələləri keçən bu sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışdılar.

İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda sırf bu uşaqlara həsr olunan mahnı-himn də təqdim olundu ki, indi də bu sindromla bağlı tədbirlərin əsas leytmotivini təşkil edir.

Tədbir-tamaşanın təşkilində məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılması və qazandırılmasıdır.

Teatrın sosial məsuliyyət layihələri daim ön plandadır.

Məsələn, 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə teatr nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı mütəmadi tədbirlər edib və bu aksiya ənənə halını alıb.

Teatr BMT-nin Əhali Fondu, “Park Bulvar” və UAFA (Azərbaycan Birgə Yardım), eləcə də Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə mütəmadi müştərək sosial-maarifləndirici işlər həyata keçirir.

Xeyriyyəçilik, həssas qruplardan olan uşaq və yeniyetmələrə dəstək proqramının bir hissəsi də hər il Yeni il və Novruz bayramı günlərində pulsuz tamaşa aksiyasıdır.

Belə ki, 2020-ci ilin sonundan etibarən teatr hər il xüsusi təqvim günlərində şəhid və qazi övladları, eləcə də əlliliyi olan uşaqlar üçün pulsuz tamaşa nümayişi edir və hər birinə teatrın daxili inkanları hesabına alınan hədiyyə bağlamaları təqdim olunur.

Teatr əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdırması və onlarda bədii yaradıcılığa meyl oyatmaq istiqamətində də özünün müəyyən etdiyi prioritetlərlə davam edir.

Bu məqsədlə teatrda müxtəlif yaş qrupları üçün (3+,6+,10+) gündüz və axşam tamaşaları hazırlanır.

Mütəmadi sosial-mədəni aksiyalar həyata keçirən teatr əlliliyi olan həvəskarlardan ibarət “Küllücə” uşaq və böyüklərdən ibarət “OYUN” İnklüziv teatrlarına da mənəvi dəstək olur, həssas qruplardan olan uşaq və böyüklərin cəmiyyətə inteqrasiyasına çalışır. 2019-cu ildən başlanan yol bu gün də davam edir.

Belə ki, Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilən “Solğun sevgilər” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Dövlət Kukla Teatrı və “OYUN” müstəqil-inklüziv teatrının birgə layihəsi kimi özündən sorakı bir neçə sosial aksiyaya öncüllük etdi.

Yüksək vətəndaşlıq, humanizm, vətənpərvərlik, habelə milli mədəni dəyərlərə hörmət və rəğbət hisslərinin aşılaması da əsas meyllərdəndir.

Uşaq və yeniyetmələrin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətlər göstərən teatrda Qarabağ savaşımızdan bəhs edən “Zəfər zəngi”, iki dəfə Sovet İttifaqı qəhrəmanı, əfsanəvi Həzi Aslanova həsr olunan “İnnab ağacı”, türkçülüyümüz, soy kökümüzü ehtiva edən “Yalquzaq”, milli-mənəi zənginliyimiz, ailə dəyərlərimiz, mənəvi keçmişimizin yaddaş dəftəri olan nənə və babalarımızın bizə miras irsini səhnəyə gətirən “Nənəmin aş qazanı”, cəmiyyəti narahat edən, az qala hər kəsin probleminə çevrilən sosial platformalardan asılılığa qarşı səssiz etiraz olan “İtki” pantomim nümunə, mənəvi birliyə səsləyən “Yeddi nar çubuğu” və sair kimi maraqlı nümunələr var.