İNNAB AĞACI

 

Tamaşanın adı: "İnnab ağacı"

Dili: azərbaycan və rus

Yaş həddi: 11+

Müddəti: 55 dəqiqə

              Azərbaycan Dövlət Kukla Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80, əfsanəvi döyüşçü, Azərbaycan xalqının qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyinə həsr etdiyi "İnnab ağacı" tamaşası yeni və tam fərqli səhnə işidir.

Tamaşanın premyerası 13 iyun 2025-ci il tarixində Sankt-Peterburq səhnəsində olub.

              Belə ki,  DEMMENİFEST beynəlxalq teatr festivalı çərçivəsində uğurla tamaşaçı ilə görüşən səhnə işi müharibə və insan taleyi haqqında həzin portret cizgilərlə zəngindir.

           Təsadüfi deyil ki, yetişən nəsillər  qüdrətli sərkərdə, görkəmli hərbi xadim,  tank qoşunları qvardiya general-mayorunun uşaqlıq illərindən, təhsil dövründən, döyüş yolundan anları teatrın sehr dolu təqdimatı ilə izləmiş olurlar. Beləcə nümunəvi ömrü peşəkar teatr prizmasından tamaşaya nail olurlar.

     Axı,  İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında onun  müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir. 

    Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında Azərbaycan və rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

     Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın məktubları və haqqındakı xatirələrdən də istifadə olunmaqla verbatim üsluba da nail olunub.