“Sirli dolça”
Yaş həddi: 3+
Dili: azərbaycan
Müddəti: 45 dəqiqə
Azərbaycan Dövlət Kukla Teatrında repertuara yenicə daxil olan “Sirli dolça” tamaşası uşaqlara sirli nağıllar aləmindən xoş anlar yaşadaqcaq.
Sözsüz ki, əyləncə və sehr dolu nağıl-tamaşada qəhrəmanlar izləyiciləri həm də bir sıra mətləblərdən hali edəcəklər.
Məsələn, dürüstlüyün ən böyük güc olduğunu, həqiqətin gec-tez üzə çıxdığını, saf sevgi və sədaqət kimi hisslərin bütün maneələri dəf etdiyini, zəkanın fiziki gücdən daha öndə olduğunu və s.
Azərbaycan xalq nağıllarından “Ağ daşın sirri” adlı qısa və məzmunlu nağıl əsasında Əməkdar artist Rauf Avşarovun səhnələşdirmə və quruluşunda hazırlanan tamaşa klassik nağılların xarakterinə xas üslubda ərsəyə gəlib.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.
Tamaşanın hekayəti maraqlı və bir o qədər də fərqlidir. Belə ki, qocalıb əldən düşən hökmdar taxt-tacının kimin əlinə keçəcəyi, xalqına kimin rəhbərlik edəcəyi barədə çox düşünür.
Gözünün ağı-qarası bir qızı olan Padşah onu çoxdan narahat edən məsələni Vəziri ilə bölüşür. Vəzir də ona qızının artıq həddi-buluğa çatdığını, ərə getməli olduğunu deyir.
Sözsüz ki, bu sözlər Padşahın ağlına batmır. Çünki o, bilir ki, Şahzadə ilə evlənəcək şəxs mütləq taxt-tacına da sahib olacaq.
Elə bu zaman bir Münəccim peyda olur və o, “Fala baxıram, rəml atıram” deyərək car çəkir. Çarəsiz şah Münəccimi yanına çağırıb ondan kömək umur.
Sonra hiyləyə əl atan şah qızına elçi düşən saysız gəncin həyatına son qoyur. Belə ki, dolçaya bir qara bir ağ daş əvəzinə 2 qara daş qoyur və sözsüz ki, şahzadə ilə evlənəcək namizədlər ağ daşı tapa bilməyəb, dar ağacından asılırlar.
Atasının bu əməlindən xəbər tutan qızı onun planını pozur və bir dürüst gənc ağ daşı taparaq şahzadə ilə evlənir.
Sözsüz ki, Padşah da sonda bu əməlindən peşman olur və taxtını itirməklə bağlı qorxusunu aşaraq rahat ömür sürür.