NƏNƏMİN AŞ QAZANI

Müddəti: 55 dəqiqə

Dili: Azərbaycan

Müəllif: Saida Haqverdiyeva

Quruluşçu rejissor: Saida Haqverdiyeva

Quruluşçu rəssam: Rəna Abbasova

Bəstəkar: Vüqar Camalzadə

 

             İllər ötür, zamanın hökmü ilə həyat tərzimiz, vərdişlərimiz, zövqlərimiz, hətta münasibətlərimiz də dəyişir. Hə, təəssüf ki, zaman bizə itirməyi də öyrədir. Beləcə bizlər xatirələrlə baş-başa qalırıq. Bu zaman içində itirdiklərimizi bizə unutdurmayan xatirələr və onların işığı ilə yaşamağa davam edirik. Sözsüz ki, məqamlar, keçmişin aynası sayılan, bəlkə də heç zamanında əhəmiyyət vermədiyimiz əşyalar belə bizi ayrıldığımız doğmalarımızla ruh təmasına çəkir. Elə bizim tamaşanın qəhrəmanı kimi.

“Nənəmin aş qazanı” adlı tamaşada köhnə evə yeni gəlin gələn qadın, gənc ailə təsvir olunur. Cehizində müasir texniki avadanlıqlar, mətbəx əşyaları gətirən gəlin həyat yoldaşının dünyasını dəyişən nənəsindən qalan qab-qazanı, xüsusən də plov qazanı və çaydanı asanlıqla elektrik cihazları ilə dəyişir. Bu zaman illəri yola salan və bu evdə doğmaya çevrilən  Qazan ilə Çaydanın hüzn dolu dialoqları ümumi ideyanın hərəkətverici qüvvəsinə çevrilir...

Doğmalarımızla bağlı xatirələrimizə yenidən boylanmaq, həyatımızın böyük bir hisəsində bizimlə birgə yol gələn cansız əşyaların “dilə” gəldiyi bu tamaşa sizin də duyğularınıza sığal çəkib, müxtəlif hadisələrə baxışınıza təsirsiz ötüşməyəcək.