LOKOMOTİV VƏ VAQONLAR

Azərbaycan Dövlət Kukla Teatrının son premyerası yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır.

Teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov quruluş verdiyi birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

        Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.

        Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.

      Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra yenidən onun yanına qayıdırlar. O da buna çox sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə xidmət etməyə davam edirlər.

   Tamaşada Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edirlər.

  Tamaşa Azərbaycan dilindədir və xronometrajı 1 saatdır.

Tamaşanın premyerası  20 sentyabr 2024-cü ildə olmuşdur.