Dünya yaranandan insanların itmək, itirmək kimi bir qorxuları olub. Sözsüz ki, bu hissi hərə bir cür yaşayır.Bir də insanın mənəvi itkisi, fiziki yoxluğundan da ağır mənəvi yoxluğu var ki, bu, daha ağır və dözülməzdir.Birdən ən yaxının, ən doğman belə səni görüb, hiss etmir və nəticədə sən böyük bir adaya düşərək, tənhalığa məhkum edilmiş adama çevrilirsən...
Bu və ya digər bəşəri burulğanlı mövzular zaman-zaman teatr səhnələrindən keçsə də biz kuklaçılar bu dəfə sosial şəbəkələr, günü-gündən artan internet asılılığı ucbatından virtual aləmə aludə olanları mövzu etmişik.
Heç kimə sirr deyil ki, bu texnologiya oyunbazlığı ucbatından az qala ən yaxınımızdakı doğmalarımızı – valideynlərimizi, övladlarımızı, dostlarımızı diqqətsiz qoya və beləcə onları təəssüf ki, itirə bilirik.
Kukla teatrının quruluşçu rejissoru Anar Məmmədovun ideya və quruluş müəllifi olduğu “İtki” tamaşası da məhz bu mövzudadır.
Pantomima tamaşamızın qəhrəmanı ətrafının diqqətindən kənarda qalan balaca oğlandır. Valideynlərinin ondan daha çox mobil oyunlarda, smartfonlar vasitəsilə sosial şəbəkələrdə vaxt keçirmələri, övladlarına ayıracaq zamanı qlobal virtual əyləncəyə fəda etmələri sonda ağır fəsada gətirib çıxarır. Beləcə doğmaları və dostlarının diqqətindən kənarda qalan uşaq itmək və itirmək kimi ağır hissi bir anda yaşayır...
10+ yaş qrupundakı tamaşaçı auditoriyası üçün nəzərdə tutulan səhnə işinin quruluşçu rəssamı Rəna Abbasovadır. Musiqi tərtibatlı tamaşa “qara kabinet” üslubundadır. Quruluş heyəti bu vasitə ilə tamaşaçının diqqətini minimalist məkanda bəşəri problemlərə çəkməyə, onları daha böyük və real düşünməyə səsləyirlər.
Tamaşanın premyerası 10 noyabr 2023-cü ildə olmuşdur.