LEYLƏYİN HƏDİYYƏSİ

           Azərbaycan Dövlət Kukla Teatrı yerli və xarici klassiklər, eləcə də müasir yazarlar ilə yanaşı, mütəmadi olaraq, türk xalqlarının şifahi xalq ədəbiyyatı nümunələrinə də müraciət edir.
      Bunun nəticəsi olaraq ötən mövsümdən repertuara “Leyləyin hədiyyəsi” adlı maraqlı və ibrətamiz tamaşa da daxil edilib.
      Qardaş özbək xalq ədəbi nümunələrindən komik hadisələrlə zəngin “Vur dəyənək!” nağılı əsasında özünün fərqli səhnə həllini tapan tamaşa “Leyləyin hədiyyəsi” adı ilə balaca tamaşaçıların marağına səbəb olub.
      Uşaqlara yalan və hiyləgərliyin, saxtakarlıq və tamahkarlığın nə qədər rəzil keyfiyyətlər olduğunu əsərin əsas mənfi qəhrəmanı karvansara sahibinin simasında təqdim edən nümunə sözsüz ki, həm də müsbət keyfiyyətlər təlqin edir. Məsələn, mərhəmətli qoca kəndli həddən artıq kasıb olsa da qətiyyən acgöz deyil və ona ərməğan edilən hər hədiyyəni el-obası ilə bölüşə bilir. 
      Tamaşada balacalara həm də artıq tamahın insana yalnız pislik etdiyi, onu gücsüz və tək qoyması da  təlqin olunur.
Özbək mahnı və rəqsləri ilə zəngin tamaşanın  səhnələşdirəni  və  quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Bir saatlıq uşaq tamaşası 7 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulub.