ALMAN XALQ NAĞILI
Avropada çox populyar olan və bir sıra maraqlı səhnə yozumlarında təqdim olunan “Üç donuz balası” Kukla Teatrının ən son səhnə işlərindəndir.
Qayğısız üç donuz balasından bəhs edilən əsərdə rejissor üç fərqli xarakterdə qəhrəman sayəsində uşaqlara əməksevərlik, tənbəllik və xudbinlik kimi keyfiyyətlərin xarakterə nə qədər böyük təsir etdiyini üzə çıxardır. Nağıl Nif-Nif, Nuf-Nuf və Naf-Naf adlı üç qardaşdan bəhs edir.
Bütün yay boyu donuz balaları yaşıl otun üzərində uzanaraq günəşin istisində qızınır, meşənin naz-nemətlərindən yeyib-içib günlərin keçirirlər. Vaxt ötür və payız yetişir. Yağışlar yağmağa başlayır. Qardaşlar anlayırlar ki, onlar daldalanmaq üçün özlərinə ev tikməlidirlər.
Biri budaqlardan, biri samandan ev tikən qardaşların ən kiçiyi özünə kərpicdən möhkəm bir ev düzəldir.
Meşənin azğın canavarı qardaşları ovlamaq üçün bir-bir onların saman, ağac evlərini uçurur. Qardaşlar sonbeşiyin evində daldalanırlar. Nə qədər güc vursa da daşdan evi sökə bilməyən canavar kor-peşman meşədən gedir. Qardaşlar gücün birlikdən doğduğunu əvvəl özlərinə, sonra da uşaqlara isbat edirlər.
Azərbaycan dilində hazırlanan birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə , mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.
Tamaşa 2022-ci ilin 22 dekabrından tamaşaçıların ixtiyarına verilib.