MƏLİKMƏMMƏD

AZƏRBAYCAN XALQ NAĞILI

 

           Repertuarımızdakı maraqlı tamaşalardan biri də “Məlikməmməd”dir. Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın mövzusu və ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır. Bildiyiniz kimi, Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir. Padşahın üç oğlundan biri olan Məlikməmməd igidlik göstərərək divlər ilə mübarizə aparıb həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyilə işıqlı dünyaya çıxır.

            Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa çalışıb.

Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

 Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil etməyə çalışıblar. Premyerası 30 sentyabr 2022-ci ildə gerçəkləşən tamaşanın müddəti 55 dəqiqədir.