H.X.Andersen
Yeni Nağıllar kolleksiyasına daxil edilən və Hans Xristian Andersene xüsusi məşhurluq gətirən “Qar kraliçası” nağılı ilk vaxtlar buz ürəyi olan bir qadınla əlaqəli əhəmiyyətsiz bir hekayə kimi kitab mağazalarında dolaşsa da sonradan sürətlə populyarlaşdı.
Əsasında bir neçə məşhur animasiya filmi çəkilən, dünyanın müxtəlif teatrlarında uğurla səhnəyə qoyulan tamaşa Azərbaycan Dövlət Kukla Teatrının repertuarına ötən ildən daxil edilib. Birhissəli uşaq tamaşasında (Azərbaycan dilində) hadisələr amansız qadının qəsrində baş verir.
Amansız qar kraliçasının əlində əsir qalan gözəl qızı ona məftun olan qəhrəmanı xilas edir. Beləcə güclər nə qədər qeyri-bərabər olsa da inam sayəsində hər bir maneəni həll etməyin mümkünlüyü önə çəkilir.
Əbədi yaşamaq, gözəl qalmaq və hökm etmək üçün hətta bütün dünyanı belə buza döndərmək istəyən qadın və xeyirxah qızın hekayəsi kukla teatrının səhnəsində özünəməxsus təsvir çalarları ilə təqdim olunur. İşıq və səs effektləri, əlavə vizual vasitələr ilə müasir uşaqlara animasiya elementləri ilə əsl kukla tamaşası zövqünü yaşadır.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.
Premyerası 28 iyun 2022-ciildə keçirilən tamaşanın müddəti 50 dəqiqədir.