QRİMM QARDAŞLARI
Repertuardakı baxımlı tamaşalardan biri də Qrimm Qardaşları tərəfindən toplanıb nəşr olunan “Ağbəniz və yeddi Cırtdan” nağılı əsasında hazırlanan “Ağca və yeddi Cırtdan” tamaşasıdır.
Nağıl qışın oğlan çağında övladı olmayan bir kraliçanın pəncərənin yanında oturub tikiş tikməsi ilə başlayır.
Zaman ötür və kraliçanın gözəl bir qızı olur. Lakin Kraliça onu dünyaya gətirərkən ölür.
Kral başqa qadınla evlənir. Ögey ana gözəlliyinə rəqib gördüyü Ağbənizi çox qısqanır və onu yox etmək barədə planlar qurur.
Çünki sehrli güzgüsü ona Ağcanın ondan gözəl olduğunu dönə-dönə deyir. Bu da amansız Kraliçanı qəzəbləndirir.
Ovçuya əmr edir ki, qızcığazı meşəyə aparsın, öldürsün və öldüyünün sübutu kimi ciyərlərini ona gətirsin.
Lakin ovçunun uşağa yazığı gəlir, onu azad buraxır, əvəzinə qaban öldürüb, ciyərlərini kraliçaya aparır. Kraliça onları bişirtdirib, elə həmin gecə yeyir.
Bu arada Ağbəniz meşənin dərinliklərinə qaçır, yeddi cırtdanın evini tapır.
Sevinclərindən hoppanan cırtdanlar Ağbənizə əgər evi təmizləsə, yemək hazırlasa, çarpayıları yığışdırsa, tikiş işlərini görsə, onlar üçün toxusa, hər şeyi səliqəli saxlasa onlarla qalmağa icazə verəcəklərini və lazım olan hər şeylə təmin edəcəklərini söyləyirlər.
Tezliklə Kraliça sehrli güzgü vasitəsilə öyrənir ki, Ağbəniz hələ də sağdır.
Hirslənən qadın qızcığazı öldürmək üçün üç dəfə cəhd edir, nəhayət, zəhərli almanın köməyilə üçüncü cəhddə məqsədinə çatdığına inanır.
Lakin ədalət yenə qələbə çalır. Şahzadənin köməyi ilə Ağca oyanır və onlar xoşbəxt yaşayırlar.
Azərbaycan dilində səhnələşdirilən birhissəli uşaq tamaşasının quruluş müəllifi Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə , mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.1 saatlıq tamaşada klassik səhnə həllinə üstünlük verilib.
Tamaşanın premyerası 25 dekabr 2021-ci ildə olub.