Azərbaycan xalq nağılı “Ana keçinin intiqamı” nağılı əsasında “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema yazan Mikayıl Müşfiq beləcə böyük və zəngin poeziyasında balacalara da yer verdi. Onun məktəb şeirlərini əzbər bilən, poetikasına yaxından bələd olanlar bilir ki, şairin zərif duyumu, hadisələrə humanist baxışı bu poemada özünün ən gözəl izlərini buraxıb.
Kuklaçılar da hər kəsin az qala əzbər bildiyi mübariz ana keçinin nağılına bu dəfə müəyyən ixtisarlarla, birhissəli mono tamaşa kimi yanaşdı və göstərdi ki, bir aktyorun ifasında eyni zamanda bir neçə obrazı canlandırıb, ifadə etmək olar.
“Şəngülüm, Məngülüm” adlanan bu tamaşaya teatrın rejissoru Anar Məmmədovun quruluş veribQuruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahan olan tamaşanın ifaçısı Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.
Tamaşanın mahnı mətnləri də Mikayıl Müşfiqin uşaq şeirləri və eyniadlı poemasından seçilib.Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar – çıxış edir.Onu da qeyd edək ki, bu əsər teatrda əvvəllər də tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından biri - Şüngülüm ixtisar edilib.