Samuel Marşakın ibrətamiz hekayəti uşaqların dünyasında bir başqa bərq vurur. Təbii ki, əsas səbəbi də nüvəsində bəşəri dəyərlərin uşaq dünyasına ustalıqla sığışdırılmasıdır.
Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılının səhnə yolunun da maraqlı tarixçəsi var. Belə ki, tamaşa əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib.
Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Tamaşanın premyerası 10 mart 2017-ci ldə olmuşdur.