“Əlibaba və qırx quldur”
“Min bir gecə” nağıllarından tanıdığımız “Əlibaba və qırx quldur” da teatrın repertuarında möhkəm yer tutur. Ibrətamiz hadisələrlə zəngin tamaşanın səhnələşdirmə və quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur. Var-dövlətə, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur. Istər insanların var-dövlətinə qənim kəsilən quldurbaşı və dəstəsinin, istərsə də Əlibabanın tamahkar qardaşının başına gələn acınacaqlı hadisələr fonunda yalnız zəhmət və onun halal bəhrəsi ilə xoşbəxt olmağın mümkünlüyü göstərilir.
Ümumi ampluada yenə də yaxşının pisi ram etməsini nümayiş etdirən tamaşanın rejissoru bununla balaca tamaşaçılara hər uğurun önündə ədalət hissi durur mesajını verir.Zəngin səhnə tərtibatlı və ecazkar Şərq elementli tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Rəssam bu tamaşada səhnə tərtibatından kukla və canlı plan aktyorlarının geyimlərinədək ən incə detallara varmaqla tamaşaçıları klassik Şərq nağılları ecazkarlığı ilə cəlb etməyə çalışıb. Rəngarəng səhnə geyimləri, arxa və yan planlardakı çalarlılıq, fərqli səhnə elementlərinin müxtəlifliyi diqqəti cəlb edir.
Tamaşanın musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Baletin müxtəlif musiqi taktlarının harmonik istifadə olunduğu tərtibatda uşaqlara tamaşa vasitəsilə klassik sinfonik musiqimiz də təbliğ olunur.
Tamaşanın premyerası 27 iyun 2018-ci il tarixində olmuşdur.