Cəfər Cabbarlının " Solğun çiçəklər" pyesi əsasında
Dramaturgiyamızda özünəıməxsus yeri olan Cəfər Cabbarlının məşhur “Solğun çiçəklər” dramı Azərbaycan Dövlət Kukla Teatrı repertuarında da var.
Kədərli məhəbbət hekayəsi bu dəfə tam fərqli yanaşma və üslub ilə “Solğun sevgilər” adı altında tamaşaçısı ilə görüşüb.
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilən “Solğun sevgilər” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Dövlət Kukla Teatrı və “OYUN” müstəqil-inklüziv teatrının birgə layihəsidir.
“Solğun sevgilər” tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.
Sağlamlıq imkanları məhdud yuxarı yaş qrupundan olan həvəskar aktyorların cəlb olunduğu inklüziv teatrın tamaşasında peşəkar aktyorlar da yer alıb.
Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır.
Tam müasir tərtibat və traktovkada təqdim olunan səhnə əsərində biz klassik nümunənin müasir gəncliyin anlayıb, hiss edəcəyi tərzdə təqdim edirik. Beləcə həm əbədi sevgiyə inam aşılanır, həm də bütün zamanlarda sədaqət və dürüstlüyün ən böyük insani xüsusiyyət olduğu təlqin olunur.
Tamaşanın premyerası 06 dekabr 2019-cu ildə olmuşdur.