DOVŞANIN AD GÜNÜ


            Birhissəli uşaq tamaşası
            Müddəti: 1 saat 

          Uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri də “Dovşanın ad günü” nağıl-poemasıdır.
          Əsər teatrımızın repertuarına yenicə daxil edilib.
         Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abbasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.
          Əsər əsas ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibat ilə, dolğun musiqi həlli ilə təqdim edilir.
         Tamaşada hadisələr bir meşədə təsvir olunur. Belə ki,  Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dövşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olurlar və bir-birinə kömək edirlər. Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Əslində dostluq və düzlük qalib gəlir.

          Tamaşanın premyerası 27 mart 2024-cü il tarixdə olmuşdur.