Səriyyə Mansurova



Səriyyə Mansur qızı Mansurova

A.Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrının yüksək dərəcəli artitsi


    Səriyyə Mansur qızı Mansurova 14 may 1976-cı ildə Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi 1993-cü ildə bitirib, musiqi məktəbində də təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Təhsil ala-ala 1994-cü ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına dram artisti vəzifəsinə qəbul olur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram kino aktyoru fakultəsini qırmızı diplomla bitirmişdir.
Onun debütü Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında Gülçöhrə rolu olub. Bundan başqa o, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Donna, Rəhman Əlizadənin «Tıq-tıq xanım» tamaşasında Nübar, «Maymaq» tamaşasında Zita, Madonna, Nağılçı, «Damdabaca» tamaşasında Qızcığaz, «Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında Şüngül, Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında Nağılçı, Təlxək, Həsənağa Hüseynovun «Ulamaqdan mələməyə» tamaşasında Növrəstə, «Saz əhvalatı» tamaşasında Qarğa, Timsah, Namiq Ağayevin «Oxay və Əhməd» tamaşasında Qız, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Gülyanaq, Abdulla Şaiqin «Ovçu məstan» tamaşsında Bəyaz qız, Aygün Ələddin qızının «Ələkbər əmi divin qəsrində» tamaşasında Gülnur, İspan gözəli, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Həsir oğlan, rus bölməsi üçün Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşasında Oruc rollarında iştirak etmişdir.
2003-2007-ci illər ərzində teatrdakı fəaliyyətinə müvəqqəti ara verəndən sonra, 2007-ci ilin dekabr ayından yenidən teatra qayıtmış, yeni-yeni rolları ilə tamaşaçıları sevindirmişdir.
Elşad Rəhimzadənin «Nağıllar aləmində» tamaşasında Mələk, Nicat Kazımovun «Ələddin» tamaşasında Budur, Elşar Baxışın «Məlikməmməd» tamaşasında Qız, Quş, Hans Xristian Andersenin «Düyməcik» tamaşasında Vərəq, Qaranquş, Şarl Perronun «Qırmızı papaq» tamaşasında Nağılçı, Uzunqulaq, Canavar, Güllər, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında Cik-cik xanım, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Sənəm, Xoruz, Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında Uşaq, Siçan, Tülkü, Ron Hovardın «Quyl şəhəri va ya qış nağılı» tamaşasında Styu, Meri, Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında Adelma rollarını məharətlə ifa edir.
2015-ci ildə "FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ" döş nişanı ilə təltif olunub.